Odessada azərbaycanlıların olduğu gəminin vurulmasından sonrakı görüntülər yayıldı - VİDEO
Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarından ibarət olan mülki ticarət gəmisi dron hücumuna məruz qaldıqdan sonrakı görüntülər yayılıb.
Patrul.az xəbər verir ki, hadisə 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisində baş verib.
Yayılan görüntülərdə gəminin göyərtəsində yanğını söndürməyə çalışan şəxlər və alovların qarşısını almaq üçün göstərilən səylər əks olunub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, heyətində 11 nəfər azərbaycanlının olduğu gəmidə kapitan istisna olmaqla, ekipajın digər 10 üzvü Odessa şəhərində təhlükəsiz şəkildə sahilə çıxarılıb. Onların ümumi fiziki vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hazırda itkin düşmüş azərbaycanlı gəmi kapitanının axtarışı istiqamətində yerli aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi vəziyyəti nəzarətdə saxlayır və zərərçəkən soydaşlarımıza lazımi konsulluq dəstəyi göstərir.
Gülbəniz Səfərova






