Dəniz insanı niyə sakitləşdirir? - “Mavi məkan” terapiyasının sirri
Dəniz sahilində oturarkən, dalğaların səsini dinləyərkən və ya göl kənarında sakitlik içində vaxt keçirərkən özünü daha rahat hiss edən insanların sayı az deyil. Maraqlıdır ki, bu hiss təkcə emosional təəssürat deyil, həm də elm adamlarının diqqətini cəlb edən bir fenomendir. Son illərdə aparılan araşdırmalar göstərir ki, su hövzələrinin yaxınlığında olmaq insanın psixoloji vəziyyətinə, stress səviyyəsinə və hətta beyin fəaliyyətinə müsbət təsir göstərə bilər. Məhz buna görə dünyada “mavi məkan” (Blue Space) terapiyasına maraq sürətlə artır.
Patrul.az-ın araşdırmasına görə, okean, dəniz, göl və çay kimi su hövzələrinin insan sağlamlığına müsbət təsiri ilə bağlı fikirlər yeni deyil. Hələ Viktoriya dövründə həkimlər bəzi xəstələrə “dənizlə müalicə”ni tövsiyə edir, sahildə vaxt keçirməyi sağlamlığın bərpası üçün faydalı hesab edirdilər. Müasir dövrdə isə buz kimi soyuq sularda üzgüçülükdən tutmuş müxtəlif su idman növlərinə qədər bir çox fəaliyyət həm fiziki, həm də psixoloji sağlamlıq baxımından diqqət mərkəzinə çevrilib.
Bu sahədə ən çox istinad edilən yanaşmalardan biri dəniz bioloqu Vallas Nikolsun irəli sürdüyü “Blue Mind” nəzəriyyəsidir. Alim 2014-cü ildə nəşr olunan eyniadlı kitabında suyun içində, üzərində və ya yaxınlığında olmağın insan beyninə və emosional vəziyyətinə təsirini izah edib. Onun fikrincə, su insan beynində sakitlik, diqqətin bərpası və emosional rahatlama hissi yaradan xüsusi təsirə malikdir. Bu nəzəriyyə son illərdə bir çox terapevtik proqramların formalaşmasına təkan verib.
Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlar psixoloji problemlərlə mübarizədə su mühitindən istifadə etməyə başlayıblar. Xüsusilə sörfinq terapiyası diqqət çəkir. Kaliforniyada fəaliyyət göstərən “Waves of Recovery” layihəsi psixi sağlamlıq problemləri, travmalar və müxtəlif asılılıqlarla üzləşən insanlara sörfinq vasitəsilə dəstək göstərir. Layihənin yaradıcıları hesab edirlər ki, okean və təbiət insanların özlərini daha rahat hiss etməsinə, psixoloji yardım almağa qarşı olan daxili müqavimətin azalmasına kömək edir.
Araşdırmalar göstərir ki, “mavi məkanlarda” vaxt keçirmək orqanizmdə stress hormonu hesab edilən kortizolun səviyyəsinin azalması ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, müasir insan günün böyük hissəsini ekranlar qarşısında keçirir, beyin isə fasiləsiz informasiya axını və diqqət yükü altında işləyir. Su hövzələrinin yaxınlığında olmaq isə insanın gündəlik gərginlikdən uzaqlaşmasına, zehni yorğunluğun azalmasına və diqqətin bərpa olunmasına kömək edə bilər.
“Mavi məkan” terapiyasının maraqlı istiqamətlərindən biri də sualtı fəaliyyətlərlə bağlıdır. Son illərdə sərbəst dalış və akvalanq məşğələləri psixoloji dəstək proqramlarının bir hissəsinə çevrilməyə başlayıb. Bu sahədə çalışan mütəxəssislər hesab edirlər ki, suyun altında olmaq insanın nəfəsinə, bədəninə və daxili hisslərinə fokuslanmasını artırır. Bu isə sinir sisteminin tənzimlənməsinə və emosional balansın bərpasına müsbət təsir göstərə bilər.
Bununla belə, alimlər “mavi məkan” terapiyasına həddindən artıq romantik yanaşmağın doğru olmadığını da vurğulayırlar. Sahə sürətlə inkişaf etsə də, elmi tədqiqatlar hələ ilkin mərhələdədir və su mühitinin psixoloji sağlamlığa təsiri ilə bağlı daha geniş araşdırmalara ehtiyac var. Uzun illər ərzində elm adamlarının əsas diqqəti parklar, meşələr və digər “yaşıl məkanlar” üzərində cəmləşdiyi üçün su hövzələrinin insan beyninə təsiri nisbətən az öyrənilib.
Mütəxəssislərin ümumi qənaətinə görə, dəniz, göl və ya çay kənarında vaxt keçirmək psixoloji rahatlıq üçün faydalı ola bilər. Bu, bütün problemlərin həlli olmasa da, stressin azaldılması, zehni yorğunluğun aradan qaldırılması və emosional rifahın yaxşılaşdırılması baxımından mühüm dəstək vasitələrindən biri hesab olunur. Görünür, insanın suya olan yaxınlığı təkcə estetik zövqdən deyil, beynimizin təbiətlə qurduğu qədim və dərin əlaqədən qaynaqlanır. Bu səbəbdən bəzən bir neçə dəqiqəlik dəniz mənzərəsi və ya dalğaların səsi belə insanın özünü daha yaxşı hiss etməsinə kifayət edə bilir.
Ləman Sərraf






