İnternetsiz işləyən ilk süni intellektli telefon təqdim olundu - Onun digərlərindən fərqi...
Çində dünyanın ilk süni intellektlə (AI) işləyən smartfonu – “StepX Neo” təqdim edilib.
Patrul.az xəbər verir ki, cihaz Çinin qabaqcıl süni intellekt şirkəti “StepFun” tərəfindən istehsal olunub.
Bu smartfonu digər analoqlarından fərqləndirən əsas xüsusiyyət onun sadə sual-cavab funksiyalı klassik çatbotla deyil, mürəkkəb tapşırıqları müstəqil şəkildə icra edə bilən “Step Amoo” AI agenti ilə təchiz edilməsidir.
Məlumata görə, smartfon istifadəçinin təbii dildə verdiyi əmrləri asanlıqla başa düşür və eyni anda bir neçə fərqli tətbiqi bir-biri ilə əlaqələndirərək prosesləri tam avtomatlaşdırır.
Cihazın ən diqqətçəkən üstünlüklərindən biri onun internet bağlantısı olmadan da tam funksional işləyə bilməsidir. Belə ki, smartfona daxil edilmiş “Step Edge” yerli süni intellekt modeli sayəsində şəbəkəyə qoşulmadan 32 dildə ani tərcümə, lokal nəqliyyat məlumatlarının təqdim olunması və qeydiyyat xatırlatmaları kimi vacib tapşırıqlar birbaşa cihazın daxilində icra olunur.
Qeyd edək ki, “StepX Neo” modelinin rəsmi satış qiyməti, buraxılış tarixi və qlobal bazarlara çıxarılma planları barədə hələlik ətraflı məlumat verilməyib.
Gülbəniz Səfərova






