Akif Nəsirli: "Qiymət artımı “Temu” sifarişlərini azalda bilər"
Avropa İttifaqında Çin mənşəli onlayn alış-veriş platforması Temu ilə bağlı aparılan araşdırmalar platformanın gələcək fəaliyyətinə dair müxtəlif ehtimalları gündəmə gətirib. Müzakirə olunan əsas məsələlərdən biri də araşdırmanın nəticəsində şirkətin qiymət siyasətində mümkün dəyişikliklərin baş verməsi və bunun istehlakçılara necə təsir göstərə biləcəyidir. Bəs belə bir ssenari Azərbaycandakı istifadəçilərin alış-veriş vərdişlərini dəyişə bilərmi?
Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər araşdırmanın nəticəsində “Temu”nun qiymət siyasətində dəyişiklik edilməsi və qiymətlərin artması baş verərsə, bu, Azərbaycandakı istifadəçilərin alış-veriş vərdişlərinə təsir göstərə bilər.
Onun sözlərinə görə, hazırda platformanın əsas üstünlüklərindən biri münasib qiymətlər olduğu üçün bahalaşma baş verərsə, bəzi alıcılar yerli mağazalara və ya digər beynəlxalq onlayn platformalara üstünlük verə bilərlər.
A.Nəsirli qeyd edib ki, digər tərəfdən, qiymət artımı ilə yanaşı çatdırılma xərcləri və ümumi alış dəyəri də yüksələrsə, xüsusilə aşağı büdcə ilə alış-veriş edən istifadəçilərin sifarişlərinin sayında azalma müşahidə oluna bilər:
“Bununla yanaşı, əgər bazarda rəqabət şəraiti güclənərsə və digər platformalar daha sərfəli təkliflər təqdim edərsə, istehlakçıların seçim imkanları genişlənə bilər”.

İqtisadçı vurğulayıb ki, araşdırma hələ yekunlaşmadığı üçün qiymətlərin mütləq artacağını demək doğru olmaz”.
“Nəticədən asılı olaraq şirkətin fəaliyyətində müxtəlif dəyişikliklər edilə bilər və bunun istifadəçilərə real təsiri yalnız yekun qərardan sonra məlum olacaq”.
Ləman Sərraf






