media-img-20260715-wa0038

Ukraynanın Odessa sahilləri yaxınlığında, göyərtəsində azərbaycanlıların olduğu Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinə edilən dron hücumundan sonra itkin düşən azərbaycanlı pilot Səməd Nəsrullayevin həlak olduğu məlum olub.

Patrul.az xəbər verir ki, bu barədə “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov məlumat verib.

“Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi olaraq, kapitanımızın vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və bütün dənizçi icmasına dərin hüznlə başsağlığı veririk. Onun dənizçilik peşəsinə olan sədaqəti və xidmətləri hər zaman hörmətlə yad olunacaq”, – deyə sədr bildirib.

“Dənizçilərin İctimai Birliyi” eyni zamanda mülki ticarət gəmilərinə qarşı həyata keçirilən hücumu da kəskin pisləyib:

“Mülki ticarət gəmilərinə hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dənizçilər müharibənin tərəfi deyil, dünya ticarətini və humanitar yüklərin daşınmasını təmin edən mülki şəxslərdir. BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS), SOLAS Konvensiyası və Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, dənizçilərin həyatını qəsdən təhlükəyə atan bu hücumlar bəşəri cinayətdir.

Son iki ayda azı dörd azərbaycanlı dənizçinin həlak olması, bir neçə nəfərin yaralanması vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu göstərir”, – deyə bəyanatda vurğulanıb.

Onu da qeyd edək ki, hazırda gəmidə yaralanan digər ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı aidiyyəti qurumlar, eləcə də konsulluqlar tərəfindən təcili koordinasiya tədbirləri həyata keçirilir.

Xatırladaq ki, 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında, yerli vaxtla saat 15:15 radələrində göyərtəsində 11 azərbaycanlının olduğu Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. 10 azərbaycanlı Odessa şəhərində təhlükəsiz şəkildə sahilə çıxarılsa da, pilot həlak olub.

media-screenshot_20260715_135119_facebook

 

media-screenshot_20260715_134323_facebook

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər