Yeni 100 manatlıq əskinas bu gündən dövriyyədədir - Fərqlər nələrdir?
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını tədavülə buraxır.
Patrul.az xəbər verir ki, yeni 100 manatlıq banknotun dizaynı və mühafizə sistemi mövcud konsepsiya saxlanılmaqla, ən son texnologiyalar və innovativ həllər tətbiq edilməklə yenilənib.
Yenilənmiş pul nişanında müasir mühafizə elementləri yer alıb. Bunlara üçölçülü mikrogüzgü effektinə malik, rəngi dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngi dəyişən manat simvolundan ibarət “Spark Flow Prime” elementi, su nişanı, görmə qüsuru olan şəxslər üçün xüsusi tanıma elementləri, şaquli dizayn, mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və digər qoruyucu vasitələr daxildir.
Yeni 100 manatlıq pul nişanında su nişanı vasitəsilə pul işığa tutulduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi görünür. Həmçinin banknotun ön hissəsində sağ və sol kənarlarda yerləşdirilən xüsusi qabarıq xətlər görmə qüsuru olan şəxslərə pul nişanının həqiqiliyini və nominalını müəyyən etməyə imkan verir.
Qeyd edək ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı banknotlarla paralel şəkildə dövriyyədə olacaq və ödəniş vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.






