Günəşlidə bir ildir küçə işıqları yanmır - Aidiyyəti qurumlar niyə susur? - VİDEO
Patrul.az redaksiyasına müraciət edən vətəndaş bildirib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində yolun işıqlandırılması üçün işıq dirəkləri mövcud olsa da, təxminən bir ildir küçə işıqları yandırılmır.
Vətəndaşın sözlərinə görə, sözügedən küçədə intensiv nəqliyyat axını olduğundan gecə saatlarında hərəkət həm sürücülər, həm də piyadalar üçün çətinləşir. Küçənin qaranlıq qalması yol-nəqliyyat hadisələrinin baş verməsi riskini artırır və təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır.
Şikayətçi bildirir ki, ərazidən mütəmadi istifadə edən sakinlər və sürücülər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problem aradan qaldırılmayıb və heç bir nəticə əldə olunmayıb.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni operativ şəkildə araşdıracaq, Abbas Fətullayev küçəsində küçə işıqlandırmasının niyə uzun müddətdir işləmədiyini müəyyənləşdirəcək və problemin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






