media-img-20260715-wa0056

Yay mövsümündə çimərliklərə üz tutan sürücülərin bir qismi avtomobillərini saxladıqları ərazilərdə naməlum şəxslərin parkinq pulu tələb etməsi ilə qarşılaşır. Bəzi hallarda isə bu ödənişin qanuni olub-olmaması və vətəndaşın belə vəziyyətdə hansı addımları atmalı olduğu sual doğurur.

Bəs çimərliklərin yaxınlığında sürücülərdən qanunsuz şəkildə parkinq pulu tələb olunarsa, vətəndaşın hüquqları nələrdir, bu cür halları necə ayırd etməlidir və hara müraciət etməlidir?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, küçə və yol kənarında hüquqi əsas olmadan sürücülərdən parkinq pulu tələb edilməsi qanunsuzdur və belə hallarda vətəndaş ödəniş etmək məcburiyyətində deyil:

“Yay mövsümündə çimərliklərə üz tutan vətəndaşların qarşılaşdığı problemlərdən biri də çimərliklərin yaxınlığında avtomobil saxlanılan vaxt onlardan qanunsuz parkinq haqqı tələb edilməsidir. Küçə, yol kənarı və ya dövlətə məxsus ümumi istifadədə olan ərazilərdə özbaşına pul yığılması qanunsuz hesab olunur. Heç bir fiziki şəxs və ya özünü “nəzarətçi” kimi təqdim edən şəxs hüquqi əsas olmadan sürücüdən ödəniş tələb edə bilməz. Belə hallarda vətəndaş həmin şəxsdən ödənişin hansı hüquqi əsasla tələb edildiyini və parkinqin rəsmi operatorunu soruşa bilər. Rəsmi parkinq xidməti göstərildikdə isə ödəniş qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməli və xidmətin qanuniliyi təsdiqlənməlidir. Əgər vətəndaşdan təzyiq və ya məcburetmə yolu ilə pul tələb edilirsə, bu artıq hüquqi məsuliyyət yarada bilən əməl kimi qiymətləndirilə bilər”.

media-img-20260708-wa0031-1

Vəkil qeyd edir ki, vətəndaşlar qanunsuz parkinq pulu tələbi ilə qarşılaşdıqda bunu sənədləşdirərək aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər:

“Belə vəziyyətdə mübahisəyə girmək əvəzinə hadisəni foto və ya video ilə qeydə almaq faydalı ola bilər. Həmçinin ərazinin dəqiq ünvanını, tarix və vaxtı qeyd etmək sonradan araşdırma üçün əhəmiyyət daşıyır. Vətəndaş bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat verə və ya ən yaxın polis orqanına müraciət edə bilər. Əgər qanunsuz ödəniş artıq alınıbsa, bu barədə də hüquq-mühafizə orqanlarına ərizə təqdim etmək mümkündür. Yerli icra hakimiyyəti və aidiyyəti bələdiyyə orqanlarına müraciət edilməsi də problemin aradan qaldırılmasına kömək edə bilər. Qanunsuz parkinq pulu yığılması halları həm vətəndaşların əmlak hüquqlarını, həm də sərbəst hərəkət hüququnu pozur. Bu səbəbdən hər bir şəxs qanunsuz tələblərə boyun əyməməli, hüquqlarını bilməli və belə hallarla qarşılaşdıqda mütləq aidiyyəti dövlət orqanlarına məlumat verməlidir. Qanunun aliliyinin təmin olunması və bu cür qanunsuz halların qarşısının alınması həm vətəndaşların fəallığından, həm də hüquq-mühafizə orqanlarının operativ müdaxiləsindən asılıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər