Saxta pulu necə tanımaq olar? - Mütəxəssis RƏYİ
Azərbaycanda zaman-zaman saxta əskinaslarla aldadılan taksi sürücüləri və digər sahələrdə çalışan şəxslərlə bağlı hallara rast gəlinir. Bəzi vətəndaşlar aldıqları pulun saxta olduğunu yalnız onu başqa yerdə istifadə etmək istəyəndə öyrənirlər.
Ölkəmizdə əskinaslar mərhələli şəkildə yenilənir. Belə ki, 5, 10, 20 və 50 manatlıq əskinasların yeni versiyaları artıq dövriyyəyə buraxılıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı bu gündən yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq əskinası da dövriyyəyə buraxıb.
Bəs əskinasların yenilənməsinin əsas məqsədi nədir? Bu addım saxta pul dövriyyəsinin qarşısını almağa nə dərəcədə kömək edə bilər? Vətəndaşlar həm yeni, həm də hazırda dövriyyədə olan köhnə əskinasların həqiqiliyini hansı əlamətlərə əsasən müəyyən edə bilərlər?
Əskinasların yenilənməsini yüksək qiymətləndirən hüquqşünas, bank eksperti Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, onların həqiqiliyini həm işığa tutmaqla, həm də üzərindəki yazılara toxunmaqla müəyyən etmək mümkündür:
“Yeni dizaynlı əskinasların buraxılması həm estetika, həm zövq, həm də yeni təhlükəsizlik həllərinin tətbiqi məqsədi daşıyır. Yeni pul nişanlarında həm bizim görə biləcəyimiz, həm də görə bilməyəcəyimiz mühafizə elementləri mövcuddur.
Saxta pulla aldadılmaq hər kəsin başına gələ bilər. İnsan kimdənsə pul alarkən onun saxta və ya həqiqi olduğunu hər zaman yoxlamır. Lakin bu cür dələduzluq hallarını nəzərə alaraq, pulu əlimizə alan kimi yoxlamaq lazımdır. Əskinasın həqiqiliyini ona toxunmaqla müəyyən etmək mümkündür. Həqiqi pul nişanında üzərindəki yazılar qabardılmış olur. Həmçinin pulu işığa tutduqda onun həqiqiliyini təsdiqləyən xüsusi nişanlar görünür”.

Həmsöhbətimiz vətəndaşlara saxta əskinaslarla aldadılmamaq üçün Azərbaycan Mərkəzi Bankının rəsmi saytındakı məlumatlarla tanış olmağı tövsiyə edib:
“Mərkəzi Bankın rəsmi saytında əskinasların həqiqiliyini yoxlamaq üçün kifayət qədər məlumat yerləşdirilib. Hər bir əskinasın özünəməxsus mühafizə elementləri var və vətəndaşlar həmin məlumatlardan istifadə etməklə onları müəyyən edə bilərlər.
Bununla yanaşı, bəzi mühafizə elementləri var ki, onlar yalnız Mərkəzi Bank tərəfindən yoxlanılır. Bu isə daha yüksək səviyyədə hazırlanmış saxta əskinasların aşkarlanması üçün nəzərdə tutulub. Buna görə də yeni dizaynlı əskinasların dövriyyəyə buraxılması təqdirəlayiq addımdır. Hər birimiz əskinaslardan istifadə edərkən diqqətli olmalıyıq”.
Gülbəniz Səfərova






