Süni intellekt ev tapşırıqlarının sonunu gətirəcək? - AÇIQLAMA
Süni intellektin sürətlə yayılması təhsil sistemində də yeni müzakirələrə səbəb olub. Artıq bəzi ölkələrdə AI vasitələrinin ev tapşırıqlarını asanlıqla yerinə yetirməsi fonunda ənənəvi ev tapşırıqlarının ləğvi və ya formatının dəyişdirilməsi gündəmə gətirilir. Ekspertlər daha çox sinifdaxili qiymətləndirmə və yaradıcı tapşırıqlara üstünlük verilməsini müzakirə edirlər.
Bəzi ölkələrdə AI səbəbindən ev tapşırığının ləğvi və ya formatının dəyişdirilməsi müzakirə olunur. Sizcə, bu yanaşma Azərbaycanda da gündəmə gələ bilərmi? Mövcud qiymətləndirmə sistemi buna nə dərəcədə hazırdır?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektin yayılması ev tapşırığının ləğvini deyil, onun məzmununun şagirdin düşünmə, yaradıcılıq və analiz bacarıqlarını inkişaf etdirəcək şəkildə yenilənməsini zəruri edir:
“Düşünürəm ki, süni intellekt səbəbindən ev tapşırıqlarını ləğv etmək deyil, onların məzmununa və formatına yenidən baxmaq lazımdır. Əgər tapşırıq şagirddən sadəcə məlumat tapmağı, mətni köçürməyi və ya hazır cavabı təqdim etməyi tələb edirsə, bunu süni intellekt bir neçə saniyəyə yerinə yetirə bilər. Problem süni intellektdən daha çox tapşırığın özündədir. Əgər ev tapşırığı yalnız məlumatın köçürülməsinə, hazır cavabların yazılmasına, müəyyən mövzunun internetdən araşdırılıb olduğu kimi təqdim edilməsinə əsaslanırsa, təbii ki, süni intellekt bu tapşırığı şagirdin əvəzinə çox qısa müddətdə yerinə yetirə bilər. Əslində, bu vəziyyət bizə ev tapşırığının ləğv edilməli olduğunu yox, onun mahiyyətinin dəyişdirilməli olduğunu göstərir”.
P. Qədimova qeyd edir ki, yaradıcı və düşünməyə əsaslanan ev tapşırıqlarında süni intellekt şagirdi əvəz etmir, ona dəstək olur:
“Ev tapşırığı yaradıcı, düşündürücü və şagirdin fərdi yanaşmasını tələb edən formada hazırlanmalıdır. Məsələn, şagirddən sadəcə bir mövzu haqqında məlumat yazmaq əvəzinə həmin mövzunu gündəlik həyatı ilə əlaqələndirmək, müşahidə aparmaq, ailə üzvlərindən müsahibə götürmək, fərqli həll yollarını müqayisə etmək, öz mövqeyini əsaslandırmaq və ya konkret problemin həlli üçün ideya irəli sürmək tələb oluna bilər. Belə tapşırıqlarda süni intellekt şagirdin düşüncəsini genişləndirən köməkçiyə çevrilə bilər”.

Təhsil ekspertinin fikrincə, düzgün hazırlanmış yaradıcı ev tapşırıqlarında süni intellektdən istifadə mənfi təsir yaratmır, çünki əsas qiymətləndirilən şagirdin fərdi düşüncəsi və yanaşmasıdır:
“Hətta hesab edirəm ki, düzgün hazırlanmış yaradıcı ev tapşırığına süni intellektdən istifadə ciddi mənfi təsir göstərməyəcək. Çünki müəllim üçün əsas qiymətləndirmə meyarı yalnız təqdim edilən mətn deyil, şagirdin düşünmə prosesi, seçimi, əsaslandırması və ortaya qoyduğu fərdi yanaşma olmalıdır. Şagird süni intellektdən ideya almaq və ya məlumatları sistemləşdirmək üçün istifadə edə bilər, lakin şəxsi müşahidəni, real təcrübəni və fərdi mövqeyi tam şəkildə süni intellektə həvalə etmək mümkün deyil”.
Cəmilə Cəfərzadə






