Bakıda “Opel” sürücüsünün avtoxuliqanlığına görə 15 gün həbs cəzası verildi - VİDEO
Patrul.az olaraq 24 oktyabr 2025-ci il tarixində 8 Noyabr prospektində “Opel” markalı, 77-PU-258 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri törətməsi ilə bağlı xəbəri paylaşmışdıq. Görüntülərdən aydın olur ki, sürücü nəqliyyat vasitəsini qəfil manevrlərlə sağa-sola hərəkət etdirib, təkərləri yerdən qaldıraraq idarə edib və svetoforun qırmızı işığında keçməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Patrul.az-ın əldə etdiyi yeni məlumata əsasən, avtoxuliqanlıq hərəkətləri edən şəxs Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi duracağa yerləşdirilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücü Həsənov Elmir Zülfüqar oğlu 15 gün inzibati həbs cəzası alıb. Həmçinin onun sürücülük vəsiqəsindən istifadə hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Paytaxt ərazisində bu kimi avtoxuliqanlıq halları ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik və inzibati tədbirlər davam etdirilir. Məqsəd yol hərəkəti təhlükəsizliyini qorumaq və ictimai asayişi təmin etməkdir.






