media-inshot_20260707_222158879

Futbol üzrə Dünya Çempionatında pley-off mərhələsinin ən dramatik və unudulmaz qarşılaşmalarından biri baş tutub.

Patrul.az xəbər verir ki, Argentina milli komandası Misir yığması ilə gərgin mübarizə şəraitində keçən matçda qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

Görüş bərabər səviyyəli hücumlarla başlayıb. Matçın 15-ci dəqiqəsində Marvan Attianın ötürməsini qola çevirən Yasser İbrahim Misir yığmasını hesabda önə keçirib (0:1). Buraxılan qoldan sonra hücumları kəskinləşdirən Argentina 21-ci dəqiqədə penalti qazanmaq şansı əldə edib. Lakin topun başına keçən kapitan Lionel Messi zərbəni uğursuz yerinə yetirərək tarazlığı bərpa edə bilməyib. Bu uğursuzluq Messinin dünya çempionatları tarixində növbəti bir antirekorda şərik olmasına səbəb olub.

İkinci hissədə Afrika təmsilçisi şok qolla fərqi artırıb. 67-ci dəqiqədə Heisem Həsənin assistini Mostafa Ziko qolla tamamlayaraq hesabı 0:2 edib və Argentinanı olduqca çətin vəziyyətə salıb. Lakin oyunun son 15 dəqiqəsi futbolda nadir görünən dramatik hadisələrlə və “tanqoçular”ın inanılmaz geri dönüşü ilə yadda qalıb. 79-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Kristian Romero başla fərqi azaldıb (1:2).

Cəmi 5 dəqiqə sonra, yani 84-cü dəqiqədə Qonsalo Montielin ötürməsindən sonra Leo Messi özü səhnəyə çıxaraq qaçırdığı penaltinin əvəzini çıxıb və hesaba tarazlıq gətirib (2:2).

Hər kəsin oyunun əlavə vaxta gedəcəyini düşündüyü bir məqamda, 90+2-ci dəqiqədə Lautaro Martinesin ötürməsini dəqiq dəyərləndirən Enzo Fernandes yekun nöqtəni qoyub (3:2).

Meydandan 3:2 hesablı qələbə ilə ayrılan Argentina bu nəticə ilə turnirin ən güclü 8 komandası sırasına yüksəlməyi bacarıb.

Qeyd edək ki, bu qələbə ilə 1/4 final vəsiqəsini rəsmiləşdirən Argentina növbəti mərhələdə İsveçrə – Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.


Bənzər xəbərlər