Bakıda yenə avtoxuliqanlıq hadisəsi müşahidə edilib - VİDEO
Xətai rayonu, M.Hadi küçəsində “77-AK-984” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edərək həm özünü, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.
Patrulaz.az-ın qaynar xəttinə göndərilən görüntülərdə avtomobilin salonunda olan şəxslərdən birinin maşının üst hissəsindən bayıra çıxdığı, sürücünün isə nəqliyyat vasitəsini nəzarətsiz şəkildə idarə etdiyi əks olunub. Bu cür davranışlar həm yol hərəkəti qaydalarının ciddi şəkildə pozulmasıdır, həm də faciə ilə nəticələnə biləcək hadisələrin əsas səbəblərindən biridir.
Qanunvericiliyə əsasən, avtomobil hərəkətdə olarkən təhlükəsizlik qaydalarına əməl edilməməsi inzibati məsuliyyət yaradır və ciddi cərimələrlə nəticələnə bilər. Yol hərəkətinin təhlükəsizliyini qorumaq hər kəsin məsuliyyətidir.