Bəzi universitetlərdə niyə magistr təhsili dayandırılır? - ŞƏRH
Bəzi universitetlərdə magistratura təhsilinin dayandırılması mövzusu son günlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Uzun illərdir gənclərin elmi fəaliyyətə qoşulması, ixtisaslaşması və peşəkar biliklər qazanmasında mühüm rol oynayan magistratura pilləsinin məhdudlaşdırılması gələcək kadr hazırlığı ilə bağlı suallar doğurur. Xüsusilə əmək bazarının ehtiyacları, gənclərin xaricdə təhsil tendensiyaları və ölkənin elmi potensialının formalaşması fonunda bu qərarın uzunmüddətli nəticələri barədə müxtəlif fikirlər səslənir.
Bəs magistratura təhsilinin bəzi universitetlərdə dayandırılması ölkənin elmi və peşəkar kadr potensialına necə təsir göstərə bilər?
Təhsil eksperti Elçin Süleymanov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, universitetlərdə pedaqoji heyətin elmi dərəcəsi olanların sayına uyğun olaraq magistr yerləri azaldılır:
“Magistr təhsili təbii ki, vacib təhsil pilləsidir və burada tədris prosesini aparan müəllim heyəti təcrübəli, elmi dərəcəyə sahib olmalıdır. Buna görə də bu il bəzi universitetlərdə pedaqoji heyətin elmi dərəcəsi olanların sayına baxaraq magistr proqramları üçün plan yerləri azaldıldı və ümumiyyətlə, bəzi universitetlərə verilmədi. Bu, başa düşüləndir.
Düzdür, magistr plan yerlərində kifayət qədər boş yer qaldı, amma bu, o demək deyil ki, proses mənfi çalarlarla bitdi”.
E. Süleymanov magistr məzunlarının bakalavr məzunlarına nisbətən 15–20 faiz daha çox iş tapmaq imkanına malik olduğunu vurğulayıb:
“Magistr təhsili, qeyd etdiyim kimi, kifayət qədər ciddi bir təhsildir. Magistr məzunları, bakalavr məzunlarına nisbətən əmək bazarında özlərini daha yaxşı ifadə edə bilirlər. Ümumi statistikaya görə, magistr məzunlarının iş tapmaq ehtimalı bakalavr məzunlarından 15–20 faiz daha çoxdur.
Bundan əlavə, bu il magistr təhsili üzrə yeni tədris proqramları da təsdiq olundu və onların hazırlanmasında yalnız akademik heyət deyil, həm də iş dünyasının nümayəndələri iştirak etdilər. Düşünürəm ki, bu da magistr təhsilində keyfiyyətin müəyyən qədər artmasına səbəb olacaq”.
Beləliklə, magistratura təhsilinin bəzi universitetlərdə dayandırılması həm təhsil keyfiyyəti, həm də gələcək kadr potensialı ilə bağlı müxtəlif suallar doğurur. İndi əsas məsələ bu qərarın uzunmüddətli nəticələrinin ölkənin elmi və peşəkar mühitinə necə təsir edəcəyidir.
Cəmilə Cəfərzadə






