Bir ailədən başlayır, hamıya keçir - Azərbaycanda yayılan bu xəstəlik nədir?
Son günlər bir çox insan arasında halsızlıq, öskürək, boğaz ağrısı, hərarət və mədə-bağırsaq pozuntuları ilə müşahidə olunan xəstəlik halları diqqət çəkir. Xüsusilə ailə daxilində və kollektiv mühitlərdə sürətlə yayılan bu simptomlar əhali arasında “yeni virus yayılıb?” sualını yenidən gündəmə gətirib. Bəzi şəxslərdə xəstəliyin uzun sürməsi və zəiflik hissinin davam etməsi isə narahatlığı daha da artırır.
Bəs son günlər yayılan bu xəstəlik halları yeni virusla əlaqəlidir, yoxsa bu, sadəcə mövsümi dalğalanma hesab olunur?
Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, son günlər yayılan halsızlıq, öskürək və mədə-bağırsaq pozuntuları əsasən mövsümi virus infeksiyalarının artması ilə əlaqədardır.
“Son günlər yayılan halsızlıq, öskürək və mədə-bağırsaq pozuntuları əksər hallarda yeni virusla yox, mövsümi infeksiyalarla bağlıdır. Yəni bu, əsasən qripə bənzər virusların (“soyuqdəymə virusları”) artmasıdır və belə dalğalanmalar hər il bu dövrlərdə olur.
Ən çox rast gəlinən əlamətlər halsızlıq, yüngül və ya orta hərarət, öskürək, boğaz ağrısıdır. Bəzi insanlarda əlavə olaraq ürəkbulanma, ishal və qarında diskomfort da ola bilər – bu da virus infeksiyalarında mümkündür.
Risk qrupuna yaşlılar, xroniki xəstəliyi olanlar (ürək, ağciyər, diabet), immun sistemi zəif olanlar və azyaşlı uşaqlar daxildir”.

Həkimlərin sözlərinə görə, yayılan xəstəlik halları əsasən mövsümi virus infeksiyaları ilə əlaqəlidir:
“Ağırlaşmalar nadir hallarda olur, amma mümkündür: bronxit, pnevmoniya, susuzlaşma (xüsusilə ishal-qusma olduqda), xroniki xəstəliklərin kəskinləşməsi.
Profilaktika çox sadədir: əlləri tez-tez yumaq, xəstə insanlarla yaxın təmasdan qaçmaq, yaxşı qidalanmaq, kifayət qədər yatmaq və bol maye qəbul etmək. Antibiotiklər isə özbaşına istifadə olunmamalıdır, çünki bu xəstəliklərin çoxu virus mənşəlidir. Yəni ümumi vəziyyət narahatlıq doğuran yeni bir virus yox, mövsümi infeksiyaların artımı kimi qiymətləndirilir”.
Cəmilə Cəfərzadə






