Bir tərəfdən savab qazanıb o biri tərəfdən də günah qazananlar: Kredit götürüb qurban kəsmək olarmı?
Günümüzdə insanlar gündəlik xərclərini ödəmək üçün kredit kartlarından, hətta kiçik BOKT-lardan kredit çəkirlər. Eyni zamanda, qurbanlıq qoyun almaq, qurban kəsdirmək üçün də bu vasitələrə əl atanlar az deyil. Bəs bu nə dərəcədə doğrudur?
Borc pulla qurban kəsmək olarmı?
Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, İslam dinində sələm və faizin bütün növləri kəskin şəkildə qadağandır və ictimai-sosial düzəni pozan əməl kimi qiymətləndirilir:
“Faizçilik və sələm ilk dəfə qədim Babilistanda meydana çıxıb. Səmavi dinlərin hamısı faizlə borc verməyi qadağan və böyük günah sayır. Xüsusən sələm, faiz və faizli kartlardan istifadə edərək qurban, ziyarət xərci kimi vasitələrdə istifadə etmək ikiqat haram və günahdır. Qurban kəsmək onsuz da hər kəsin imkanına uyğun olmalıdır. Əgər imkanı yoxdursa ona qurban kəsmək vacib deyil. Müsəlman mümkün olduğu qədər faizdən, sələmdən, kreditdən uzaq olmalıdır. Belə şeylər cəmiyyət arasında siniflərarası fərqi artırır və sosial nizam pozulur. Varlılar daha da varlandığı halda kasıblar daha da kasıblaşır. Buna təkan verən, yəni sələm, faiz götürüb vəsilə olan şəxs də həmin günahda şərikdir”.

İlahiyyatçı, kredit, faiz və ya sələmlə qurban kəsməyin məqbul olmadığını söyləyib:
“Lakin İslam hüququnda zərurət və məcburiyyət qarşısında müəyyən qaydalar dəyişə bilir. Əgər xəstəlik, küçədə qalmamaq üçün ev almaq kimi məsələlərdə faizdən, kreditdən başqa yol yoxdursa məhdud faizli olanı seçib götürmək icazəlidir. Amma bu şərt məcburiyyət zamanı keçərlidir. Lakin müstəhəb işlər, qurban, Həcc səfəri, məscid tikmək kimi işlərdə kredit, faizli pul götürmək qəti şəkildə olmaz. İmkanı varsa etsin, yoxdursa etməsin. Bir tərəfdən savab qazanıb o biri tərəfdən də günah qazanmaq Quran məntiqinə ziddir”.
Ləman Sərraf






