"Biz 2026-cı ilin - "Sülh İli" kimi tarixə düşəcəyinə ümid edirik" - Deputat
Bu gün “SOCAR” tərəfindən ilk dəfə olaraq Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü həyata keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan da bu addımı alqışlayıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə yaxın günlərdə Azərbaycan yanacağını daşıyan 20 vaqonun Ermənistana çatacağını açıqlayıb. O, həmçinin bildirib ki, Azərbaycandan Ermənistana benzin tədarükü davamlı olacaq.
Artıq Bakı-İrəvan arasında yalnız siyasi deyil, iqtisadi sahədə də müəyyən addımlar atılmasının şahidi oluruq. Bunun, tərəflər arasında reallaşması gözlənilən sülh gündəliyinə də təsiri olacaqmı?
Mövzu ilə bağlı Patrul.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, tranzit daşınmalarına icazə verildikdən sonra Ermənistana Azərbaycanın ilk məhsullarının daşınması ölkənin sülhə sadiqliyini sübut edir:
“İlk növbədə unutmamalıyıq ki, bu yalnız biznes məqsədləri ilə həyata keçirilən bir layihədir. Çünki sülh olacağı təqdirdə Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin yaranması da arzuolunandır. Xatırladım ki, Prezident İlham Əliyev humanist addım ataraq, tranzit olaraq yüklərin Azərbaycandan Ermənistana daşınmasına icazə verdi. Bundan sonra da Ermənistana həm Qazaxıstandan, həm də Rusiyadan taxıl məhsullarının daşınması reallaşdı. İndi isə konkret olaraq, Azərbaycanın öz məhsullarının Ermənistana satışı təşkil olunur. Gürcüstanda ilk dəfədir ki, sözügedən yük daşınmalarını heç bir vəsait ödənmədən həyata keçirir. Sonradan isə tranzit rüsumlarına uyğun olaraq bu yükdaşınmalar həyata keçiriləcəkdir. Düşünürəm ki, bu addım müsbət qarşılanmalıdır. Bu Azərbaycan tərəfinin növbəti humanist addımı və sülhə sadiqliyini göstərən bir sübutdur. Bununla da ölkəmiz bildirmək istəyir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistandan da eyni addımları gözləyirik”.

N. Həmzəyevin fikrincə, Ermənistan da Azərbaycanın atdığı addımlara uyğun davranaraq öhdəliklərini yerinə yetirərsə, 2026-cı ildə tərəflər arasında sülh tam şəkildə əldə olunacaq:
“Ümid edirik ki, Ermənistan siyasi rəhbərliyi 2026-cı ildə keçirəcək referendumunda öz ana qanunlarında da Azərbaycana qarşı ərazi iddialarından bəhs edən müddəalarını tamamilə çıxaracaq və ümumiyyətlə revanşist fikirlər Ermənistan cəmiyyətindən yığışdırılacaqdır. Nəticə etibarıilə, biz 2026-cı ilin – “Sülh İli” kimi tarixə düşəcəyinə ümid edirik. Eyni zamanda, Zəngəzur dəhlizinin işə düşməsi ilə də həm Azərbaycandan, həm də regional dövlətlərindən Ermənistana, o cümlədən bu ölkədən keçməklə Naxçıvan və Türkiyəyə də yükdaşınmaların da şahidi olacayıq. Məhz bu layihənin də reallaşması üçün İrəvan hökuməti öz öhdəliklərini vaxt itirmədən yerinə yetirəcəkdir. Nəticə etibarıilə, Ermənistanın da Azərbaycana keçən nəqliyyat dəhlizlərinə, həmçinin nəqliyyat şəbəkəsinə qoşulması reallaşacaqdır. Bu da İrəvan iqtisadiyyatı üçün çox böyük irəliləyiş ola bilər”.
Deputat son olaraq qeyd etdi ki, Ermənistanın Azərbaycana müsbət yöndə atacağı addımlar, onun iqtisadiyyatını gücləndirməklə yanaşı, hər iki ölkənin xalqı arasında da əlaqələrin yaranmasına səbəb olacaq:
“Faktiki olaraq, bu gün Ermənistanın digər nəqliyyat şəbəkələrinə çıxış imkanları məhduddur. Xüsusilə də, ağır hava şəraiti zamanı Ermənistandan yükdaşınmalar, və yaxud da əksinə özünə yükdaşınmalar mümkün olmur. Bir sözlə, Azərbaycanın uzun illərdir formalaşdırdığı nəqliyyat şəbəkəsindən Ermənistanın da istifadə etmək imkanları var. Əsas odur ki, Ermənistan sülh gündəliyinə sadiq qalsın, götürdüyü öhdəliklərini yerinə yetirsin və Azərbaycan, o cümlədən Türkiyə ilə qonşuluq münasibətlərini qurmaqda səmimi olsun. Fikrimcə, bütün dediklərimin reallaşacağı təqdirdə, yaxın gələcəkdə Ermənistanın həm iqtisadiyyatının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda İrəvan-Bakı xalqı arasında münasibətlərin qurulması mümkün olacaqdır. Çünki biz təkcə sənəd üzərində sülh deyil, eyni zamanda uzunmüddətli və dayanıqlı sülhün baş tutmasında maraqlıyıq. Bu baxımdan da Azərbaycan məhsullarının Ermənistana satılıb, daşınması sülhə doğru atılmış növbəti bir addımdır. Ermənistandan da eyni münasibəti gözləyirik”.
Gülbəniz Səfərova






