media-inshot_20260501_184542427

Azərbaycanda azyaşlı uşaqlarda boğulma halları, xüsusilə qida qalıqlarının tənəffüs yoluna düşməsi nəticəsində baş verir. Bu yaxınlarda Abşeron rayonunda 1 yaşlı körpənin boğazında yemək qalması onun ölümü ilə nəticələnib.

Bəs belə hallarda ilkin tibbi yardım necə göstərilməlidir?

Bununla bağlı Patrul.az-a pediatr Qoşqar İsmayılov öz təcrübəsinə əsaslanan biliklərini bölüşüb.

O, baş verə biləcək faciələrin qarşısını almaq üçün hər kəsin bu cür hallarda necə davranmalı olduğunu bilməsinin vacib olduğunu vurğulayıb:

“Belə hallarda mütləq ilkin tibbi yardım göstərilməlidir. Əgər hər hansı bir qida qəbulundan sonra nəfəs yolunda yad cisim qalıbsa, dərhal yerindəcə yardım göstərilməlidir. Bu barədə valideynlərə və ətrafdakı insanlara da tibbi təlimlərin keçirilməsi vacibdir”.

media-inshot_20260501_184413052

Pediatr nəfəs borusunda qalan qidanı tez və asanlıqla çıxarmaq üçün “Heimlich manevrası”nın vacib olduğunu vurğulayıb:

“Heimlich manevrası vasitəsilə nəfəs borusunda ilişib qalan qidanı çıxarmaq olar. Bu, boğulma zamanı nəfəs yolunu açmaq üçün istifadə edilən ilk yardım metodudur. Qarın nahiyəsinə təzyiq tətbiq etməklə tənəffüs yolunda ilişib qalan cismin çıxarılmasına kömək edir.

Eyni zamanda suda boğulan uşaqlara digər üsullarla ilkin yardım göstərmək mümkündür”.

“Heimlich manevrası” necə həyata keçirilməlidir?

Bu ilkin tibbi xilasetmə hərəkətləri uşağın yaşına görə fərqli şəkildə icra olunur. Körpələrin qarın nahiyəsi və daxili orqanları çox həssas olduğu üçün onlara klassik “Heimlich” (qarın sıxma) tətbiq olunmur.

Körpələrdə belə tətbiq edilir: Əvvəlcə kürəyə vurulur. Körpə qol üzərində üzüaşağı vəziyyətdə uzadılır, başı əl ilə saxlanılır və bədənindən aşağı səviyyədə tutulur. Əlin içi ilə iki kürək sümüyünün arasına 5 dəfə kəskin şəkildə vurulur.

media-inshot_20260501_190152118

Əgər yad cisim çıxmazsa, növbəti mərhələdə döş qəfəsi sıxılması tətbiq olunur. Körpə üzüyuxarı çevrilir və iki barmaqla döş sümüyünün mərkəzinə, yəni sinənin ortasına 5 dəfə təzyiq edilir. Cisim çıxana qədər bu ardıcıllıq (5 kürək, 5 sinə) davam etdirilir.

media-inshot_20260501_190314453

Böyük uşaqlarda isə klassik “Heimlich manevrası” tətbiq olunur. Əvvəlcə uşağın arxasına keçərək onun boyuna uyğun vəziyyət alınır və qollar belinə dolanır. Bir əllə yumruq sıxılır və baş barmaq tərəfi uşağın göbəyindən bir qədər yuxarıya, qabırğaların birləşdiyi nahiyənin altına yerləşdirilir.

Digər əl ilə bu yumruq tutulur və sürətli, kəskin hərəkətlə qarın nahiyəsi həm içəri, həm də yuxarı istiqamətdə, sanki “J” hərfi çəkilirmiş kimi sıxılır. Yad cisim çıxana qədər bu hərəkət təkrarlanır.

media-inshot_20260501_190500371

Gülbəniz Səfərova


Bənzər xəbərlər