“Bolt”da uzaq məsafə oyunu: sifarişi qəbul edib, sərnişinə ləğv etdirdilər - FOTOLAR
Patrul.az redaksiyasına müraciət edən vətəndaş son dövrlər “Bolt” taksi xidmətində sərnişinlərin üzləşdiyi problemlərlə bağlı şikayətini ictimailəşdirməyimizi xahiş edib.
Müraciətdə bildirilir ki, sürücülər bəzən çox uzaq məsafədən – məsələn, hava limanı istiqamətindən şəhərin digər başına olan sifarişi qəbul edir, lakin daha sonra sərnişinlə əlaqə saxlayaraq sifarişi onun ləğv etməsini tələb edirlər. İddia olunur ki, bu yolla sürücülər öz reytinqlərini qoruyur, sifariş isə sərnişin tərəfindən ləğv edildiyi üçün mənfi təsir sürücünün hesabına yazılmır.
Nəticədə sərnişin həm vaxt itkisi yaşayır, həm də bəzi hallarda ləğv etmə cəriməsi ilə üzləşir. Şikayətçi bildirir ki, bu cür hallar xüsusilə gecə saatlarında və ya əlverişsiz hava şəraitində daha ciddi çətinlik yaradır.
Vətəndaşın sözlərinə görə, məsələ ilə bağlı şirkətin dəstək xidməti ilə əlaqə saxlanılsa da, problem operativ həll olunmur. Əksinə, sərnişinə daha yüksək tarifli kateqoriyalardan istifadə etməyin tövsiyə edildiyi iddia edilir. Bundan əlavə, bəzi hallarda dəstək xidmətinin sərnişinin cavabını gözləmədən yazışmanı birtərəfli qaydada sonlandırdığı bildirilir.
Şikayətçi bunu istehlakçı hüquqlarının pozulması və müştəriyə qarşı saymazyana münasibət kimi qiymətləndirir. Onun təqdim etdiyi görüntülərdə sürücünün uzaq məsafədə olduğu və dəstək xidmətinin yazışmanı vaxtından əvvəl bağladığı iddia olunur.
Məsələ ilə bağlı qarşı tərəfin rəsmi mövqeyini dərc etməyə hazırıq.







