“Borcludur”, “dələduzdur” deyib şəxsi sosial şəbəkədə rüsvay edənləri nə gözləyir? - Vəkil AÇIQLADI
Sosial şəbəkələrdə yaradılan bəzi səhifələrdə borcunu ödəyə bilməyən şəxslərin, eləcə də guya dələduzluq edən insanların fotoları və şəxsi məlumatları paylaşılaraq onlar qınaq obyekti kimi təqdim olunur.
İnsanların icazəsi olmadan, üstəlik şər və ya qarayaxma ehtimalı da olduğu halda bu cür məlumatların sosial şəbəkələrdə yayılması və həmin şəxslərin bu formada təqdim edilməsi nə dərəcədə düzgündür? Onları hansı hüquqi məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Patrul.az-a açıqlamasında vəkil Babək Həmidov öz hüquqi mövqeyini və təcrübəsini bölüşüb.
Onun sözlərinə görə, bu kimi hallarda şəxslər barəsində məhkəmə qərarının olub-olmaması mühüm əhəmiyyət kəsb edir. Vəkil bildirib ki, məhkəmə yolu ilə şəxsin borclu olduğu sübuta yetirilsə belə, onun fotolarının borclu olması səbəbilə sosial şəbəkələrdə paylaşılması doğru hesab edilmir:
“Bu cür hallarla rastlaşmış şəxslər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən şərəf və ləyaqətin müdafiəsi ilə bağlı aidiyyəti üzrə məhkəmədə iddia qaldıraraq həmin məlumatların təkzib edilməsini tələb edə bilərlər. Eyni zamanda, şərəf və ləyaqətin alçaldılması məhkəmədə təsdiq olunarsa, kompensasiya tələb etmək hüququna da malikdirlər.
Hüquqi mövzularla bağlı, hüquqi əsaslar mövcud olduğu halda müəyyən məlumatların yayılması mümkündür. Məsələn, şəxsin borclu olması ilə bağlı məhkəmə qərarı varsa, həmin borc ödənilmədiyi təqdirdə onun icrası qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Lakin bu halda belə, şəxsin sosial şəbəkələrdə ifşa olunaraq borcun ödənilməsinə məcbur edilməsi qanuni hesab olunmaya bilər. Belə məsələlərin icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və yerli icra qurumları tərəfindən həyata keçirilir”.

Vəkilin sözlərinə görə, əgər bir şəxs barəsində dələduzluq və ya digər cinayət əməli ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin şəxsin bu cür ittihamlarla təqdim edilməsi hüquqi baxımdan yolverilməzdir:
“Digər tərəfdən, əgər bir şəxs barəsində dələduzluq və ya hər hansı digər cinayətin törədilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa və istintaq prosesi davam edirsə, həmin şəxsi açıq şəkildə dələduzluqda və ya başqa bir cinayətdə ittiham etmək təqsirsizlik prezumpsiyasının pozulması hesab olunur. Belə hallarda şəxs təqsirsizlik prezumpsiyasının pozulmasına görə həmin məlumatların sosial mediadan silinməsini tələb edə bilər. Eyni zamanda, şərəf və ləyaqətin alçaldılması ilə bağlı kompensasiyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ da vardır.
Şərəf və ləyaqətin müdafiəsi, eləcə də təqsirsizlik prezumpsiyasının qorunması ilə bağlı hüquqi məsələlər 24 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında geniş şəkildə izah olunub. Həmin qərarda göstərilən əsaslara, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan təqsirsizlik prezumpsiyası və Mülki Məcəllədə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı müddəalara əsasən məhkəmədə iddia qaldırmaq mümkündür. Bu zaman həmin məlumatların təkzib olunması və kompensasiya ödənilməsi ilə bağlı tələblər irəli sürülə bilər”.
Gülbəniz Səfərova






