Boşandıqdan sonra əmlakdan pay tələb etmək olar? - VƏKİL DANIŞDI
Son illərdə boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Ailə münasibətlərinin dağılması isə təkcə emosional deyil, hüquqi və maddi məsələləri də gündəmə gətirir. Bu məsələlərin başında isə nikah dövründə əldə edilmiş əmlak dayanır.
Qanunvericiliyə əsasən, birgə nikah müddətində qazanılan əmlak boşanma zamanı tərəflər arasında bölüşdürülməlidir. Ancaq praktikada hər boşanma əmlak mübahisəsi ilə nəticələnmir. Elə hallar var ki, tərəflər nikah pozulduqdan sonra qarşılıqlı iddia irəli sürmür, əmlak bölgüsü məsələsini ümumiyyətlə qaldırmırlar.
Buna baxmayaraq, tərəflərdən biri sonradan öz payına düşdüyünü düşündüyü əmlakı özgəninkiləşdirmək istədikdə, notariat orqanları digər tərəfin razılığını tələb edir. Halbuki boşanmadan sonra münasibətlərin əksər hallarda gərgin olduğu, keçmiş həyat yoldaşlarının bir-biri ilə ünsiyyətdən belə yayınmağa çalışdığı sirr deyil.
Məhz bu məqamda illər əvvəl başa çatmış nikah münasibətləri yenidən hüquqi müstəviyə daşınır və qarşı tərəfin razılığının alınması prosesi ciddi praktiki çətinliklər yaradır.
Boşanmadan sonra əmlakdan pay tələb etmək mümkündür? Bu hal qanunvericilikdə necə tənzimlənir?
Patrul.az mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.
O bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 35-cı maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər:
“Məcəllənin 36-cı maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Eyni zamanda Məcəllənin 36-cı maddəsinin 9-cu bəndinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Deməli, boşanmadan sonra da keçmiş ər və ya arvad birgə nikah dövründə əldə edilmiş əmlakdan öz payını tələb edə bilər, lakin bu hüquq qanunla müəyyən edilmiş üç illik müddət çərçivəsində həyata keçirilməlidir”.

Vəkil onu da qeyd edib ki, ər və arvad öz aralarında əmlaklarına dair nikah müqaviləsi adlanan saziş bağlaya bilər:
“Ailə Məcəlləsinin 38.1-ci maddəsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Həmin Məcəllənin 39-cu maddəsinə görə nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur”.
Ləman Sərraf






