"Bu amnistiya aktı dövlətlə vətəndaş arasında doğmalığın təzahürüdür" - DEPUTAT
Dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.
Artıq bu gündən Amnistiya aktının icrasına başlanılır. 20 mindən çox şəxsə şamil olunacağı gözlənilən bu amnistiya aktının əhəmiyyəti barədə millət vəkili Azər Badamov Patrul.az-a şərh edib.
Azərbaycanın hüquqi dövlət olduğunu xatırladan deputat bildirib ki, hər bir kəs törətmiş olduğu cinayətə görə məsuliyyət daşıyır:
“Lakin bütün bunlarla bərabər, Azərbaycan dövlətinin idarəçilik mexanizmi humanizm prinsipi üzərində qurulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yürütdüyü siyasətdə insan amilinə xüsusi önəm verir. Dövlət başçımız bütün çıxışlarında bildirir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Odur ki, vətəndaşlarımızın hərtərəfli qaydada düşünülməsi dövlət siyasətimizin prioritetidir”.
Millət vəkili qeyd edib ki, başqa bir rakursdan baxdıqda 2025-ci il Azərbaycan tarixində olduqca əhəmiyyətli bir il kimi yadda qaldı:
“Azərbaycanın həm daxili, həm də xarici siyasəti baxımından 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması olduqca böyük məna daşıyır. Bu, tarixi, siyasi, mənəvi, hüquqi baxımdan böyük əhəmiyyət kəsb edir.
Belə bir önəmli ildə, “Yeni il bayramı” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” əhatə dairəsinə görə ən böyüyü olan-20 min nəfərə şamil olunan “Amnistiya aktı”nın icra olunması çox xüsusidir. Xüsusidir o baxımdan ki, bu addım dövlət və cəmiyyət münasibətlərinə də yeni bir nəfəs gətirir. Bu “Amnistiya aktı” iki tərəfin bir-birinə daha da yaxınlaşması deməkdir. Bir daha sübut olundu ki, Azərbaycan dövləti hər bir vətəndaşını qoruyucu qanadları altına alır”.

A. Badamov vurğulayıb ki, humanizm prinsipləri Ümummilli Lider Heydər Əliyevin siyasətində xüsusi yerə malik idi:
“Eynilə bu siyasət cənab Prezident İlhəm Əliyev tərəfindən də uğurla davam etdirilir. Humanitar siyasətin uğurla aparılmasında ölkənin Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu və payı var. Bu “Amnistiya aktı” düşünülmüş siyasət və kompleks yanaşma deməkdir ki, onun da nəticəsində bayram qabağı neçə-neçə ailəyə bəxş edilən sovqatdır.
Ammistiya aktının icrası evlərə bəxş edilən istilikdir, bayramqabağı xalqımızın adət-ənənələrinə də xas olan doğmalıq hissidir. Eyni zamanda, həmin doğmalıq hissinin dövlətlə vətəndaş arasında mövcudluğudur”.
Ləman Sərraf






