"Bu cür uşaqları “passiv” kimi etiketləmək əvəzinə, onların güclü tərəfləri ön plana çıxarılmalıdır" - PSİXOLOQ
Bəzi uşaqlar həmyaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Onlar səssiz və içinəqapalı olduqları üçün bəzən həmyaşıdları tərəfindən kənarlaşdırılır və ya qınaq obyektinə çevrilirlər. Bu vəziyyət gələcəkdə uşaqda ciddi psixoloji travmalara yol aça bilər. Sosial adaptasiya problemi yaşayan uşaqların zamanla cəmiyyətə inteqrasiya olunması üçün valideynlər və ətrafdakı insanlar necə davranış sərgiləməlidirlər?
Bununla bağlı tövsiyələrini Patrul.az-a bölüşən psixoloq Nizami Orucov bildirib ki, bu cür uşaqlara danışmaq üçün təzyiq göstərməkdənsə, onlarla empatiya qurmaq lazımdır:
“Bəzi uşaqların həmyaşıdları ilə ünsiyyətdə çətinlik yaşaması hər zaman problem və ya zəiflik göstəricisi deyil. Bəzi uşaqlar temperament baxımından daha sakit, müşahidəçi və ehtiyatlı olurlar. Lakin bu xüsusiyyətlərinə görə davamlı şəkildə kənarlaşdırılmaq və ya lağa qoyulmaq uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər. Uzun müddətdə özünəinamın azalması, sosial qorxu, özünü ifadə etməkdə çətinlik və cəmiyyətdən uzaqlaşma kimi nəticələr yarana bilər.
Belə uşaqlara yanaşmada ən vacib məqam onları “niyə danışmırsan?”, “bir az aktiv ol” kimi təzyiq yaradan ifadələrlə dəyişməyə çalışmamaqdır. Çünki uşaq özünü olduğu kimi qəbul edilmədiyini hiss etdikdə daha da qapanır.
Valideynlər ilk növbədə uşağın emosiyalarını dinləməli və onu anlamağa çalışmalıdırlar. Uşaq bilməlidir ki, sakit olması onun dəyərsiz olduğu anlamına gəlmir. Kiçik sosial uğurlarını belə dəstəkləmək və onu başqaları ilə müqayisə etməmək çox önəmlidir”.

Psixoloqun sözlərinə görə, əsas hədəf məktəb mühitində assosial və içinəqapanıq uşaqlarla effektiv ünsiyyət modellərinin tapılması olmalıdır:
“Sosial adaptasiya birdən-birə deyil, mərhələli şəkildə formalaşır. Uşağı zorla böyük kollektivlərə salmaq əvəzinə, daha kiçik və təhlükəsiz sosial mühitlər yaratmaq faydalıdır. Məsələn, bir nəfərlə dostluq qurması bəzən böyük qruplardan daha rahat olur.
Məktəb və müəllimlərin rolu da burada çox önəmlidir. Utancaq və ya içinəqapanıq uşaqları “passiv” kimi etiketləmək əvəzinə, onların güclü tərəflərini ön plana çıxarmaq lazımdır. Çünki bəzi uşaqlar danışmaqda deyil, müşahidə etməkdə, yazmaqda və ya digər sahələrdə özlərini daha yaxşı ifadə edirlər.
Ətrafdakı insanların empatik davranışı da uşağın cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Uşağın fərqliliyini lağ obyektinə çevirmək deyil, onu təhlükəsiz hiss etdirən münasibət qurmaq lazımdır. Çünki sosial bacarıqlar ən çox qəbul və güvən hissi olan mühitdə inkişaf edir”.
Qısaca desək, belə uşaqların cəmiyyətə inteqrasiyası üçün əsas yol təzyiq və məcburiyyət deyil, anlayış, mərhələli dəstək və emosional təhlükəsizlik hissidir. Uşaq özünü qəbul olunmuş hiss etdikcə sosial olaraq daha rahat açılmağa başlayır”, – deyə N.Orucov əlavə edib.
Gülbəniz Səfərova






