media-inshot_20260518_180711701

Beynəlxalq tədbirlərin ölkələrdə keçirilməsi yalnız diplomatik nüfuzun artması ilə məhdudlaşmır, eyni zamanda iqtisadi və sosial sahələrdə də geniş təsir imkanları yaradır. Xüsusilə iri miqyaslı forumlar yeni investisiya axınlarının formalaşmasına, xidmət sektorunun canlanmasına və turizm potensialının güclənməsinə təkan verən mühüm platforma rolunu oynayır.

WUF-13 forumunun Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatı, investisiya mühiti və turizm sektoruna qısa və uzunmüddətli dövrdə hansı təsirləri göstərə bilər?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, WUF-13 (Ümumdünya Şəhərsalma Forumu) Azərbaycanın beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. 

Onun sözlərinə görə, Forum şəhərsalma, investisiya və turizm sahələrində yeni imkanlar yarada biləcək strateji platforma kimi qiymətləndirilə bilər.

Professor qeyd edib ki, WUF-13 kimi beynəlxalq miqyaslı tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın iqtisadiyyatına həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlər göstərə bilər:

“Qısamüddətli təsirlərdə, forum çərçivəsində ölkəyə minlərlə xarici nümayəndənin gəlməsi iqtisadi aktivliyin artmasına səbəb olur. Tədbirin təşkili istiqamətində dövlət və özəl sektor tərəfindən həyata keçirilən xərclər daxili iqtisadi fəallığı stimullaşdırır, xidmət sektorunda dövriyyənin genişlənməsinə şərait yaradır. Xüsusilə turizm, ictimai iaşə, nəqliyyat, ticarət və əyləncə sahələrində canlanma müşahidə olunur”.

media-inshot_20260518_180021090

Ekspertin sözlərinə görə, forum iştirakçıları eyni zamanda ölkəmizin zəngin mədəni irsi, turizm potensialı və milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edirlər:

“Bu isə Azərbaycanın “işgüzar turizm” və “konqres turizmi” istiqamətində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verə bilər. Bundan əlavə, belə beynəlxalq tədbirlər ölkədə təhlükəsizliyin və siyasi sabitliyin göstəricisi olmaqla investisiya mühitinin yaxşılaşmasına da müsbət təsir göstərir”.

Uzunmüddətli təsirlərlə bağlı professor Rəsmiyyə Abdullayeva bildirib ki, Azərbaycanın belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin dünyadakı müsbət imicinin güclənməsinə xidmət edir:

“Forum çərçivəsində qurulan əlaqələr nəticəsində birgə layihələrin, şəhərsalma proqramlarının, “ağıllı şəhər” təşəbbüslərinin və infrastruktur investisiyalarının genişlənməsi üçün əlverişli imkanlar yarana bilər”.

Ekspert xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin beynəlxalq investorların diqqətini cəlb etmək potensialına malik olduğunu vurğulayıb:

“Bununla yanaşı, şəhərsalma və innovasiya sahələrində beynəlxalq təcrübə mübadiləsinin genişlənməsi də mühüm əhəmiyyət daşıyır. Urbanizasiya, ekoloji dayanıqlılıq, rəqəmsal idarəetmə, ictimai nəqliyyat və sosial mənzil siyasəti kimi istiqamətlərdə qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılmasına mühüm təsir göstərə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər