media-inshot_20260522_194232047

Son illər qlobal miqyaslı mötəbər tədbirlərin, humanitar və iqtisadi forumların əsas mərkəzinə çevrilən Bakı daha bir tarixi hadisəyə uğurla ev sahibliyi etdi. Bu gün bir çox ölkələrin beynəlxalq medialarında gündəmdə olan və paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) rəsmi olaraq başa çatdı.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı tərəfindən 17-22 may tarixlərində təşkil olunan forumda 176 ölkədən 58 044 iştirakçı bir araya gəldi.

Paytaxtımız 6 gün ərzində dünyanın urbanizasiya mərkəzinə çevrildi. Forum mövzuların müxtəlifliyi, əhəmiyyətli şəxslərin çıxışları, müxtəlif mövzulu tədbirlər, layihələrin təqdimatı, sərgiləri, səmimiliyi və ən əsası ölkəmizin mediasının operativliyi ilə yadda qaldı.

Bu müddət ərzində Ümumdünya Şəhərsalma Forumunun Azərbaycana verdiyi töhfələr barədə Patrul.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə öz fikirlərini bölüşüb.

Millət vəkilinin fikrincə, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi onun beynəlxalq nüfuzunun yüksək olduğunu yenidən sübut etdi:

“Mayın 17-dən 22-dək Bakıda baş tutan 13-cü Ümumdünya Şəhərsalma Forumu bu gün başa çatdı. Forumun ölkəmizdə keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Bu tədbir BMT-nin Məskunlaşma Proqramı çərçivəsində həyata keçirilib və bu sahədə çox əhəmiyyətli bir platformadır. Burada şəhərsalma ilə yanaşı paralel olaraq digər məsələlər də müzakirə mövzusu oldu. Bakı da bu istisna təşkil etmədi, müxtəlif məsələlər panel toplantılarında gündəmə gətirilərək müzakirə edildi”.

A. Əlizadə forumda dünyada əsas problemə çevrilən urbanizasiyanın da gündəmə gətirildiyini diqqətə çatdırdı:

“Şəhərsalma ilə yanaşı, məlumdur ki, dünyada sürətli urbanizasiya prosesi gedir. Hazırda dünya əhalisinin təxminən 56 %-i şəhərlərdə məskunlaşıb. Sürətli urbanizasiya nəticəsində yaxın vaxtlarda dünya əhalisinin 70 %-nin şəhərlərdə məskunlaşacağı proqnozlaşdırılır. Təbii ki, bu, şəhərlərdə əhalinin sayının artması ilə yanaşı bir sıra problemlərin yaranmasına da şərait yaradır.

Burada ilk məsələ insanların mənzillə təmin olunmasıdır. Digər problem isə tranzit-logistika imkanlarının reallaşdırılmasıdır. Paralel olaraq ekoloji problemlərin həlli istiqamətində atılmalı olan rəqəmsal layihələrin (ağıllı şəhər, ağıllı kənd) reallaşdırılmasıdır. Bütün bunların kontekstində yarana biləcək problemlərin qarşısının alınması məsələləri də forumda müzakirə mövzusu oldu.

Düzdür, bu tədbirdə qəbul edilən qərarlar hüquqi qüvvəyə malik olmasa da, əslində istiqamətverici xarakter daşıyır. Həm dövlətləri, həm də prosesi aparan tərəfləri istiqamətləndirməklə gələcəkdə mövcud problemlərin həll olunması üçün əsas müzakirə platforması kimi olduqca böyük əhəmiyyətə və nüfuza malikdir”.

media-1759146548_2

Son olaraq həmsöhbətimiz Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi:

“Beynəlxalq tədbirin paytaxt Bakıda keçirilməsi təbii olaraq həm şəhərsalma baxımından yeni təcrübələrin öyrənilməsidir. Eyni zamanda Azərbaycanın uğurla reallaşdırdığı layihələrin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Bakı şəhəri ilə bağlı son dövrlərdə görülən işlər, paytaxtımızın tarixiliyinin qorunması ilə yanaşı, eyni zamanda müasir görkəmə də malik olması, keçmiş və indiki şəhər infrastrukturunun sintezinin Bakıda formalaşdırılması və bunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir platforma kimi çıxış etməsidir.

Eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda sürətlə reallaşdırılan “ağıllı şəhər” və “ağıllı kənd” infrastruktur layihələrinin həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin qısa müddət ərzində reallaşdırılması, köçkünlərin torpaqlarına sürətlə qayıtmasını özündə ehtiva edən “Böyük Qayıdış” layihəsinin icrası – sadalananlar forum vasitəsilə Azərbaycanın uğurlarının nümunələri kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Bu tip beynəlxalq tədbirlərdə müzakirə olunan mövzularla yanaşı, diplomatik münasibətlər də formalaşır. Ayrı-ayrı ölkələrlə müxtəlif biznes, ticarət və iqtisadi əlaqələrin formalaşması ilə bağlı müzakirələr aparılır. Yəni bütün bunlar diplomatik və siyasi müstəvidə də ölkə üçün divident gətirən bir beynəlxalq tədbirdir.

Bu baxımdan beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə yanaşı, həm də ölkəmizin bu tipli beynəlxalq tədbirlərə uğurlu ev sahibi kimi çıxış etdiyini göstərir. Bu da ölkəmizin təkcə regionda deyil, qlobal miqyasda əhəmiyyətinin artmasını nümayiş etdirən bir hadisə kimi yadda qalacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər