“Bu gün Azərbaycan qlobal münasibətlər sistemində vacib siyasi oyunçudur” - ŞƏRH
“Bu gün Azərbaycan bütün siyasi platformalarda böyük nüfuza sahibdir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində aparıcı, ardıcıl və aydın mövqeləri var. Hazırda dünya gücləri Azərbaycanın mövqeyi və yanaşmaları ilə hesablaşmaq məcburiyyətindədir. Azərbaycan qlobal münasibətlər sistemində öz sözünü deyən, eyni zamanda dünyadakı siyasi, humanitar və digər problemlərdə çıxış yollarını konkret şəkildə ortaya qoyan bir ölkə obrazındadır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Turql İsmayılov deyib.
Politoloqun sözlərinə görə, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, həmçinin pandemiya dövründə dünyadakı vaksin milliyətçiliyi kimi ədalətsizliklərə qarşı çıxması, daha sonra 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməyi, COP29 kimi önəmli bir tədbirə uğurla ev sahibliyi etməsi beynəlxalq arenada mövqelərimizin güclənməsinə səbəb olub:
“Bugünkü gündə Azərbaycan Prezidenti dünyanın vacib ölkələrinə səfərlər edir, müqavilələr imzalanır, o cümlədən, önəmli siyasi güc mərkəzlərindən ölkəmizə səfərlər həyata keçirilir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan qlobal münasibətlər sistemində vacib siyasi oyunçudur. Azərbaycan və Türkiyə əleyhinə qlobal erməni lobbisi kartından istifadə etməyə çalışan qüvvələrin bizə təsir imkanları yoxdur və dövlətimizin artan gücü qarşısında onların təxribatları yalnız özlərinə ziyandır”,- deyə o əlavə edib.
Ləman Sərraf