media-inshot_20260708_181313521

Ölkəmizdə hər il olduğu kimi, bu il də, xüsusilə yay aylarında qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir tərəfdə Günəş parladığı halda, yaxınlıqdakı digər ərazilərdə yağış yağır. Üstəlik, son vaxtlar Azərbaycanda yağıntıların normadan artıq düşməsinin də şahidi oluruq. Dəyişkən hava şəraiti isə bəzi insanların sağlamlığına mənfi təsir göstərir.

Belə hava şəraitində necə davranmalı olduğumuzla bağlı həkim Adil Qeybulla Patrul.az-a açıqlamasında tövsiyələrini bölüşüb. Onun sözlərinə görə, dəyişkən hava şəraitində əsas diqqət qidalanmaya və hava şəraitinə uyğun geyinməyə yönəldilməlidir:

“Ölkəmizdə hava heç vaxt tam stabil olmayıb. Yer kürəsində gedən proseslər, Günəşin təsiri, qlobal istiləşmə və iqlim dəyişiklikləri həm iqlimi dəyişdirir, həm də isti və soyuğun təbii bölgüsünü pozur. Bütün bunlar okean və dəniz səthindən buxarlanmanı sürətləndirir, nəticədə intensiv yağıntılar və sellər baş verir.

İnsanlar bu cür havalarda diqqətli olmalıdırlar. Gün ərzində havanın temperaturuna uyğun geyim seçilməlidir. İsti havalarda uzun müddət Günəş şüaları altında qalmaq məsləhət görülmür. Bu, günvurmaya, eləcə də Günəş yanıqlarına səbəb ola bilər”.

media-inshot_20260708_180936452

Həmsöhbətimiz dünyanın pandemiyadan çıxdığını xatırladaraq, xüsusilə immun sistemi zəifləyən insanlara çağırış edib:

“Soyuq havalarda nazik geyinmək soyuqdəymə xəstəliklərinin artmasına səbəb olur. Buna görə də insanlar sağlamlıqlarını qorumaq üçün fiziki aktivliyi artırmalı, qidalanmalarına diqqət yetirməli, daha çox meyvə və tərəvəz istehlak etməlidirlər.

Geyimlər hava şəraitinə uyğun seçilməlidir. İnsan nə üşüməli, nə də həddindən artıq isti hiss etməlidir. Buna görə də vətəndaşlar havaya uyğun geyinməyə diqqət etməlidirlər.

‘”Skvoznyak” deyilən hava cərəyanında oturmaq məqsədəuyğun deyil. Nəzərə almaq lazımdır ki, dünya böyük bir pandemiyanı geridə qoyub. Buna görə də insanların immun sistemi hələ də belə hava dəyişikliklərinə həssas reaksiya verə bilir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər