media-inshot_20260504_121254146

Borc münasibətləri mülki hüququn ən həssas sahələrindən biridir və bu prosesdə həm kreditorun tələbinin təmin olunması, həm də borclunun hüquqlarının qorunması vacib balans yaradır. Praktikada isə ən çox müzakirə olunan məqamlardan biri borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləridir.

Bəs hansı hallarda və hansı qaydada vətəndaşın əmlakının hərraca çıxarılır, hansı əmlaklar isə toxunulmaz qalır?

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Patrul.az-a açıqlama verib:

“”İcra haqqında” Azərbaycan Respublikası qanununun 6.1.2-ci maddəsinə görə, məhkəmə əmri icra sənədi sayılır ki, həmin qanunun 13.1.1-ci maddəsinə əsasən 1 (bir) ay ərzində müvafiq əmr icraya yönəldilir.

İlk olaraq borcluya könüllü icra üçün müəyyən müddət verilir. Bu müddət ərzində borc ödənilmədikdə məcburi icra tədbirləri tətbiq olunur. İcra məmuru əmlakın dəyərini qiymətləndirərək satış prosesinə hazırlayır. Hərracdan əldə olunan vəsait isə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsinə yönəldilir

İcra üzrə icraat zamanı bir sıra məcburi icra tədbirləri görülür ki, bu da hər bir halda borclunun vəziyyətini daha da pisləşdirir. Belə ki, “İcra haqqında” qanunun 45-ci maddəsinə əsasən borclunun bank hesablarına, əmanətlərinə və digər əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 49.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz”.

media-inshot_20260504_121124399

Onun sözlərinə görə, İcra haqqında qanunun 84-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər:

“Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Əmlak ümumi mülkiyyətdə olarsa və ya birgə paylı mülkiyyətdə olarsa, onda onun barəsində tətbiq ediləcək tədbirlər də fərqlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər”.

Hüquqşünas, ər-arvadın birgə mülkiyyətinə tutmanın yönəldilməsi qaydasının da, Mülki Məcəllədə göstərildiyini vurğulayıb:

“Belə ki, Məcəllənin 225.5-ci maddəsinə görə Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.

Ər-arvadın və ya ümumi mülkiyyətdə olan əmlakın girov qoyulması hallarında ilk olaraq ümumi mülkiyyətə hüququ olan şəxslərin yazılı qaydada razılığı olmalıdır. Əks halda bu razılaşma olmadan bağlanmış müqavilə də etibarsız sayılacaqdır”.

Ləman Sərraf


Bənzər xəbərlər