Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək.
Patrul.az Mədəniyyət Nazirliyinə əsasən xəbər verir ki, seçimlər iyulun 20-dək davam edəcək.
Bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
– fortepiano, simli alətlər — 7 illik təhsil: 6–8 yaş;
– fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri — 5 illik təhsil: 9–12 yaş.
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
– vokal, estrada oxuma və xanəndəlik — 5 illik təhsil: 7–11 yaş;
– xor ixtisası — 7 illik təhsil: 7–10 yaş.
Təsviri sənət ixtisasları üzrə:
– rəssamlıq və heykəltəraşlıq — 4 illik təhsil: 8–12 yaş.
Xoreoqrafiya ixtisası üzrə:
– 5 illik təhsil: 6–10 yaş.
Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla maksimum yaş 40 olaraq müəyyən edilib.
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd, 18 yaşına çatmayan namizədlərin isə valideyni və ya qanuni nümayəndəsi aşağıdakı sənədləri sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
– Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi — xarici ölkə vətəndaşları üçün;
– sağlamlıq haqqında tibbi arayış.






