"Diplomlar həm elektron, həm də kağız formada verilsin" - Tələbələri sevindirəcək təklif
Artıq müasir dövrdə Azərbaycanda və dünyada bütün sahələr kimi təhsil də sürətlə rəqəmsallaşır. Əvvəllər kitabxanalar kitab axtaranlarla dolu olurdu. İndi isə buna ehtiyac qalmadan elektron resurslardan və PDF formatlı kitablardan geniş istifadə edilir.
Son vaxtlar təhsil sahəsində həyata keçirilən əsas yeniliklərdən biri də diplomların tam elektron formata keçirilməsi oldu. İllərdir ölkəmizdə ali təhsil alan tələbələrin böyük əksəriyyəti “diplom almaq” arzusu ilə oxuyur. Hətta bir çoxumuz diplomunu aldıqdan sonra ailəsindən və yaxınlarından “şirinlik” alan məzunların da şahidi olmuşuq. Diplom tələbənin vizit kartı, illərlə çəkdiyi zəhmətin və qazandığı uğurun simvoludur. Elə buna görə də qəbul edilən bu qərar bir çox tələbə, hətta onların valideynləri arasında narazılıq yaradıb. Bəziləri diplomların əvvəlki kimi kağız daşıyıcısında təqdim olunmasını istəyirlər.
Maraqlıdır, doğrudanmı ölkəmizin təhsil sistemində bu dəyişikliyə ehtiyac var idi?
Bununla bağlı təhsil eksperti Afərim Seyidova Patrul.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu qərar təhsil sisteminin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılmasının tərkib hissəsidir:
“Təhsil sistemində diplomların tam elektron formatda verilməsi cəmiyyətdə böyük ajiotaj yaratdı. Bu yersiz hay-küyün səbəbi ondan ibarətdir ki, biz hələ rəqəmsallaşma dövrünün tələblərinə tam uyğunlaşmamışıq. Halbuki bu, rəqəmsal mühitin tələblərinə tam uyğun qəbul edilmiş qərardır”.

Həmsöhbətimiz elektron diplomların üstünlüklərindən də danışıb:
“Cəmiyyətimizin, xüsusilə də bəzi tələbələrin elektron diplomlara narazılığı olsa da, bunun bir sıra üstün cəhətləri var. İlk növbədə, saxtakarlıq hallarının qarşısı xeyli dərəcədə alınacaq. Ola bilər ki, bəzi hallarda diplomların saxtalaşdırılmasına cəhd edilsin. Lakin elektron sistem bu riskləri minimuma endirəcək. Digər tərəfdən, artıq hər hansı iş yerinə müraciət etdikdə diplom məlumatları CV əsasında sistem üzərindən asanlıqla yoxlanılacaq. Yəni diplom elektron bazada hazır görünəcək və onu kağız şəklində özümüzlə daşımağa ehtiyac qalmayacaq”.
A. Seyidova tələbələrin bu qərara mənfi yanaşmasının səbəblərinə də toxunub:
“Yeni nəslin bu qərara mənfi yanaşmasının əsas səbəbi diplomu xatirə kimi saxlamaq, onunla sevincini sosial şəbəkələrdə bölüşmək və illərlə çəkdiyi əziyyəti simvolik şəkildə nümayiş etdirmək istəyidir. Bu dəyişiklik bir çox tələbədə “”universiteti bitirib diplomumu alacağam” sevincini müəyyən qədər azaldır. Ancaq hesab edirəm ki, bir neçə ildən sonra bu düşüncə tərzi dəyişəcək. Cəmiyyət rəqəmsal dünyanın tələblərinə uyğunlaşacaq və anlayacaq ki, bu qərar yerində qəbul edilib”.
Ekspert sonda tələbələrin də maraqlarını nəzərə alan təklifini də irəli sürdü:
“Bununla belə, mənim təklifim odur ki, diplomlar həm elektron formatda, həm də istəyən məzunlar üçün kağız daşıyıcısında təqdim olunsun”.
Gülbəniz Səfərova






