Sürücülərin tez-tez etdiyi bu hərəkət qanun pozuntusu sayıla bilər! - AÇIQLAMA
Sosial şəbəkələrdə avtomobil idarə edərkən video çəkən sürücülərin görüntüləri tez-tez yayılır. Bəs sükan arxasında telefonla video çəkmək qanunvericiliyin pozulması hesab olunurmu? Bu hala görə sürücünü hansı məsuliyyət gözləyir və cərimə tətbiq edilirmi?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, sükan arxasında video çəkmək ayrıca xəta olmasa da, sürücünün diqqətini yayındırdığı və mobil telefondan qanunsuz istifadə sayıldığı hallarda inzibati məsuliyyət yarada bilər:
“Son illər sosial şəbəkələrdə avtomobil idarə edərkən sükan arxasında video çəkən sürücülərin sayı artıb. Bu isə belə hərəkətlərin hüquqi məsuliyyət yaradıb-yaratmadığı ilə bağlı suallar doğurur. Azərbaycan qanunvericiliyində “avtomobil idarə edərkən video çəkmək” ayrıca inzibati xəta kimi nəzərdə tutulmasa da, bu davranış müxtəlif hüquqi normaların tətbiqinə səbəb ola bilər. Əsas məsələ sürücünün diqqətinin yoldan yayınması və nəqliyyat vasitəsini təhlükəsiz idarəetmə öhdəliyini pozmasıdır. “Yol hərəkəti haqqında” Qanuna əsasən, hər bir sürücü nəqliyyat vasitəsini təhlükəsiz idarə etməli və yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Sürücü hərəkət zamanı mobil telefonu əlində tutaraq video çəkirsə və ya telefonla digər əməliyyatlar aparırsa, bu, yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə bilər”.

Vəkil qeyd edir ki,sükan arxasında mobil telefonla video çəkmək sürücünü inzibati məsuliyyətdən azad etmir və bu hal qanun pozuntusu kimi qiymətləndirilə bilər:
“İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan qanunla qadağan olunmuş qaydada istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. Yol polisi əməkdaşları videoçəkiliş, müşahidə kameraları və digər sübutlarla qayda pozuntusunu müəyyən etdikdə inzibati tədbirlər görə bilərlər. Eyni zamanda, sosial şəbəkələrdə paylaşılan görüntülər də bəzi hallarda hüquq-mühafizə orqanları tərəfindən araşdırma predmeti ola bilər. Sürücünün “yalnız bir neçə saniyəlik çəkiliş etmişdim” arqumenti onu məsuliyyətdən azad etmir. Təhlükəsizliyin təmin edilməsi üçün video çəkmək zərurəti yaranarsa, bunu yalnız avtomobil tam dayandırıldıqdan və yol hərəkəti üçün təhlükə yaratmayan şəraitdə etmək məqsədəuyğundur. Nəticə etibarilə, sükan arxasında video çəkmək birbaşa qadağan edilməsə də, bu hərəkət mobil telefondan qanunsuz istifadə və ya təhlükəsiz idarəetmə qaydalarının pozulması kimi qiymətləndirilə və qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb ola bilər”.
Cəmilə Cəfərzadə






