Ölümlə nəticələnən qəzalarda sürücü necə təqsirli sayılır? – Vəkil açıqladı
Son günlər ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı yenidən gündəmdədir. Belə hallarda cəmiyyət arasında “Sürücünün təqsiri necə müəyyən edilir?”, “İstintaq hansı sübutlara əsaslanır?” kimi suallar yaranır. Bəs yol-nəqliyyat hadisəsi nəticəsində insan ölümü baş verdikdə istintaq hansı əsas meyarlar üzrə aparılır?
Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, istintaqın əsas meyarı sürücünün qayda pozuntusu ilə ölüm arasında səbəbiyyət əlaqəsinin olub-olmadığını müəyyən etməkdir:
“Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri üzrə istintaqın əsas məqsədi yalnız yol hərəkəti qaydalarının pozulub-pozulmadığını müəyyən etmək deyil, həmin pozuntunun ölümün baş verməsinə səbəb olub-olmadığını obyektiv şəkildə araşdırmaqdır. Bu baxımdan istintaq orqanları və məhkəmələr hadisəni həm hüquqi, həm də texniki aspektdən qiymətləndirirlər.
Belə işlərdə ən vacib hüquqi meyarlardan biri səbəbiyyət əlaqəsidir. Başqa sözlə, istintaq belə bir suala cavab axtarır: “Sürücü yol hərəkəti qaydalarını pozmasaydı, ölüm yenə də baş verəcəkdimi?” Əgər müəyyən edilərsə ki, qayda pozuntusu olmasaydı hadisə və ya ölüm baş verməyəcəkdi, həmin pozuntu ilə nəticə arasında səbəbiyyət əlaqəsinin mövcudluğu qəbul edilə bilər. Əksinə, əgər ölüm qayda pozuntusundan asılı olmayaraq qaçılmaz idisə, bu hal hüquqi qiymətləndirmədə mühüm əhəmiyyət daşıyır”.

Ş.Şəmmədli qeyd edir ki,ekspertiza sürücünün qəzanın qarşısını almaq üçün real texniki imkanının olub-olmadığını müəyyən edir:
“İstintaqın araşdırdığı digər əsas məsələ sürücünün təhlükəni görərək qəzanın qarşısını almaq üçün real texniki imkanının olub-olmamasıdır. Burada söhbət nəzəri ehtimaldan deyil, konkret şəraitdə mövcud olmuş real imkanlardan gedir. Avtomobil-texniki ekspertiza sürücünün sürətini, təhlükənin yarandığı anı, görünmə məsafəsini, reaksiya vaxtını, əyləcləmə məsafəsini, yol örtüyünün vəziyyətini, hava şəraitini və digər texniki amilləri təhlil edərək müəyyən edir ki, sürücünün toqquşmanın qarşısını almaq üçün obyektiv imkanı olubmu?!
Məsələn, əgər ekspertiza müəyyən edərsə ki, sürücü icazə verilən sürətlə hərəkət etsəydi avtomobili vaxtında saxlaya və ya təhlükəli vəziyyətdən yayınaraq qəzanın qarşısını ala bilərdi, bu hal hüquqi məsuliyyətin qiymətləndirilməsində mühüm rol oynayır. Əksinə, əgər təhlükə qəfil yaranıbsa və sürücü bütün qaydalara əməl etməsinə baxmayaraq qəzanın qarşısını almaq texniki cəhətdən mümkün olmayıbsa, bu da istintaqın nəticəsinə birbaşa təsir göstərən amillərdəndir”.
Vəkilin sözlərinə görə, ölümlə nəticələnən qəzalarda məsuliyyət yalnız bütün sübutlar və ekspertiza rəyləri kompleks qiymətləndirildikdən sonra müəyyən edilir:
“Beynəlxalq məhkəmə təcrübəsində də qəbul edilir ki, yol hərəkəti iştirakçılarından hər hansı birinin qayda pozması avtomatik olaraq onun cinayət məsuliyyəti daşıması anlamına gəlmir. Əsas məsələ həmin hərəkətin ölümə səbəb olan nəticə ilə birbaşa əlaqəsinin və sürücünün hadisənin qarşısını almaq üçün real imkanının olub-olmamasının sübutlarla təsdiq edilməsidir.
Məhz buna görə ölüm hadisələri üzrə istintaq hər bir faktı ayrıca qiymətləndirir, ekspertiza rəylərinə xüsusi önəm verir və yalnız bütün sübutlar kompleks şəkildə araşdırıldıqdan sonra hüquqi məsuliyyət barədə yekun nəticəyə gəlir”.
Cəmilə Cəfərzadə






