Bu ölkədə heyvanlar arasında yayılan virus milli təhlükə səviyyəsinə çatdı
Cənubi Afrikada dabaq-ağız xəstəliyinə görə milli fəlakət vəziyyəti elan edilib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkə rəhbərliyi xəstəliyin qarşısını almaq məqsədilə genişmiqyaslı peyvənd proqramına start verib.
Plana əsasən, növbəti 12 ay ərzində 14 milyon iribuynuzlu heyvanın peyvənd olunması nəzərdə tutulur. Bunun üçün ümumilikdə 28 milyon doza vaksinə ehtiyac var.
Məlumata görə, mal-qara, qoyun və keçi kimi cütdırnaqlı heyvanlarda rast gəlinən bu virus xəstəliyi yüksək qızdırma, ağız və dırnaqlarda yaralarla müşayiət olunur. Xəstəlik sürətlə yayılması və məhsuldarlığın kəskin azalmasına səbəb olması ilə heyvandarlıq sektoruna ciddi ziyan vurur.
Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət ölkənin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün risk yaradır. Bu səbəbdən hökumət dabaq-ağız xəstəliyinin yayılmasının qarşısını almaq üçün “milli fəlakət vəziyyəti” elan edib və nəzarət tədbirlərini gücləndirib.






