media-inshot_20251217_180947005

“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Belə əhəmiyyətli bir hadisənin ölkəmiz üçün hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Patrul.az-a fikirlərini bölüşüb:

“Bakı, 2026-cı ildə Dünya İdman Paytaxtı titulunu qazanaraq bu adı Manaka şəhərindən təhvil alıb. Bu titul, Avropa İdman Paytaxtları və Şəhərləri Təşkilatı tərəfindən təqdim olunur. Sözügedən təşkilat Brüsseldə yerləşir və qeyri-kommersiya təşkilatıdır. Hər il dünyanın bir şəhərinə bu titul verilir.

Əvvəlcə qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir və bu, dövlətin idman strategiyası və siyasəti sahəsində də aydın şəkildə özünü göstərir. Hazırda ölkəmiz dünya idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan dünyanın bütün böyük idman yarışlarına və müxtəlif idman növlərinin dünya və Avropa səviyyəli turnirlərinə ev sahibliyi edib”.

Millət vəkili xatırladıb ki, Avropa Oyunları, Gənclər və Qadınlar arasında futbol üzrə dünya çempionatları, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Festivalı, Formula 1 və bir çox digər idman növləri üzrə dünya, Avropa və beynəlxalq turnirlərin uğurla təşkili, ölkəmizin bu sahədəki peşəkarlığının göstəricisidir:

“Ən önəmlisi isə odur ki, Azərbaycanda təşkil olunan bu qlobal idman yarışları digər analoji dünya və Avropa çempionatları üçün nümunə kimi göstərilir. Bu isə ölkəmizin təşkilatçılıq səviyyəsinin və tədbirlərin keçirilməsi sahəsində formalaşdırdığı təcrübənin təsdiqidir. Artıq dünya federasiyaları belə bəyan edirlər ki, hər hansı bir tədbirin və ya yarışın keçirilməsində Azərbaycan təcrübəsindən istifadə olunmalıdır. Bu isə çox ciddi məsələ və böyük uğurdur.

Dünya İdman Paytaxtı titulu ilk növbədə o şəhərə verilir ki, həmin şəhərdə idman infrastrukturu yüksək səviyyədə olsun. Bu şəhərlər bir sıra meyarlara görə seçilir. Məsələn, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, uşaqlar və gənclər arasında idmanın populyarlaşdırılması, paraolimpiyaçılar üçün imkanların olması, inklüziv təhsil və idman mühiti, mövcud infrastruktur, dövlətin bu sahəyə diqqəti və s. bütün bu amillər nəzərə alınır. Bütün bu meyarlara uyğun olaraq, ölkəmizdə xüsusilə də paytaxt Bakı şəhərində bu imkanlar mövcuddur”.

media-inshot_20251217_175821222

V.İskəndərovun sözlərinə görə, Dünya İdman Paytaxtı elan edilən şəhər, həmin il ərzində idmanla bağlı çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir:

“Bu şəhər müxtəlif beynəlxalq idman federasiyalarının diqqət mərkəzində olur və orada beynəlxalq yarışların təşkili mümkün olur. İl ərzində həm şəhər daxilində, həm də ətraf bölgələrdə yeni idman qurğularının tikilməsi və ya yenidən qurulması, infrastrukturun yenilənməsi, kütləvi idmanın inkişafı üçün parklarda xüsusi zonaların yaradılması, bu zonaların inkişaf etdirilməsi, beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Bununla paralel olaraq həmin şəhər, idman vasitəsilə özünün yumşaq gücünü dünyaya nümayiş etdirir. Həmçinin bu, turizmin cəlb olunması üçün də effektiv vasitədir. Dünya İdman Paytaxtı olduğu üçün burada ardıcıl şəkildə idman tədbirləri, konfranslar, yarışlar keçirilir və bu da insanların sağlam həyata təşviq olunması, böyüyən nəslin fiziki sağlamlığa və idmana cəlb olunması baxımından stimullaşdırıcı proqramların həyata keçirilməsinə imkan yaradır. Bütün bu tədbirlər, təbliğat və təşviqat işləri idman vasitəsilə daha geniş miqyasda aparılır”.

Müsahibimiz əlavə edib ki, bir il ərzində həm şəhərin, həm də ətraf ərazilərin idman qurğularının tikintisi və ya yenidən qurulması, infrastrukturun yenilənməsi, kütləvi idmanın inkişafı üçün parklarda müvafiq şəraitin yaradılması, bu sahələrin inkişaf etdirilməsi, beynəlxalq səviyyəli idman tədbirlərinin təşkili nəzərdə tutulur:

“Bununla paralel olaraq bu şəhər idman vasitəsilə dünyaya öz “yumşaq gücünü” nümayiş etdirir. Bu, eyni zamanda turizmin cəlb olunması üçün də çox səmərəli vasitədir.

Dünya İdman Paytaxtı olduğu üçün silsilə idman tədbirləri, konfranslar, yarışlar təşkil olunur və bununla da insanları sağlam həyata təşviq etmək, böyüməkdə olan gənc nəslin fiziki sağlamlığa və idmana cəlb olunması istiqamətində stimullaşdırıcı proqramlar həyata keçirilir. Bunların hər biri çox mühüm məsələlərdir və idman vasitəsilə bunlar daha geniş şəkildə təbliğ olunur.

Bakı, 2026-cı ilin Dünya İdman Paytaxtı olaraq bu titulu qazanmaqla, düşünürük ki, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcək. İndiyə qədər Dünya İdman Paytaxtı olmuş şəhərlərdə tədbirlərin təşkili, keçirilməsi və bütün göstəricilər baxımından nümunəvi nəticələr əldə olunub və əminik ki, Bakıda keçiriləcək tədbirlər, təşkilatçılar və bu prosesdə iştirak edən hər bir şəxs yadda qalacaq və dəyərli təcrübə kimi tarixə yazılacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər