Buzlu yollarda avtomobili necə sürmək lazımdır? - TÖVSİYƏ
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənildiyi üçün sürücülər xüsusilə diqqətli olmalıdır. Çünki buzlu yol adi yol deyil – burada bir anlıq səhv həm avtomobilə, həm də insan həyatına ciddi təhlükə yarada bilər.
Patrul.az buzlu yollarda sürücülərin diqqət etməli olduğu məqamları araşdırlb.
İlk və ən vacib qayda sürət həddini minimuma endirməkdir. Buzlu yolda hətta aşağı sürət belə risklidir, ona görə də “vaxtında çatım” tələskənliyi kənara qoyulmalıdır. Təkərlə yol arasındakı ilişmə zəif olduğundan qəfil sürətlənmə və ya ani əyləcləmə avtomobilin nəzarətdən çıxmasına səbəb ola bilər. Əyləci yavaş-yavaş, mərhələli sıxmaq əsas şərtdir.
Ara məsafəsi adi havaya nisbətən bir neçə dəfə artırılmalıdır. Quru yolda bir-iki saniyəlik məsafə yetərli ola bilər, amma buzlu yolda bu məsafə sizi xilas edən əsas amildir. Qarşınızdakı avtomobil qəfil sürüşərsə, reaksiya vermək üçün vaxtınız olmalıdır.
Sükan hərəkətləri də yumşaq olmalıdır. Kəskin dönmələr, ani manevrlər buzlu yolda avtomobilin arxa və ya ön hissəsinin sürüşməsinə gətirib çıxarır. Döngələrə girməzdən əvvəl sürəti azaltmaq, dönmə zamanı isə sükanı sakit və sabit saxlamaq vacibdir.
Texniki hazırlıq da məsələnin yarısıdır. Qış təkərləri buzlu və sürüşkən yollar üçün əsas şərtdir, çünki yay təkərləri belə havada demək olar ki, təsirsizdir. Təkərlərin hava təzyiqi, əyləc sistemi, şüşəsilənlər və antifriz mütləq yoxlanmalıdır. Şüşələrin buz bağlaması görmə məsafəsini azaltdığı üçün yola çıxmazdan əvvəl avtomobil tam təmizlənməlidir.
Dağlıq və enişli-yoxuşlu yollarda daha da ehtiyatlı olmaq lazımdır. Enən yolda sürəti azaltmaq, ötürmələri düzgün seçmək və mümkün qədər mühərrik əyləcindən istifadə etmək tövsiyə olunur. Bu, təkərlərin kilidlənməsinin qarşısını alır.
Əgər yol şəraiti həqiqətən təhlükəlidirsə və təcili ehtiyac yoxdursa, yola çıxmamaq ən ağıllı qərardır. Bəzən risk etməmək, ən düzgün sürücülük bacarığı sayılır.
Ləman Sərraf






