media-inshot_20260713_174645997

Ölkəmizdə demək olar ki, hər il keçmiş və ya hazırki həyat yoldaşı tərəfindən qadının qətlə yetirilməsi ilə bağlı xəbərlərlə qarşılaşırıq. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, bəzi kişilər ayrılığı qəbul edə bilmir və boşandıqdan sonra da keçmiş həyat yoldaşlarına qarşı aqressiya və kin nümayiş etdirirlər. Bu yaxınlarda paytaxtda bir kişinin keçmiş həyat yoldaşını güllələyərək qətlə yetirməsi, daha sonra isə özünə xəsarət yetirməsi cəmiyyətimizdə böyük nifrət və təəssüf hissi ilə qarşılandı.

Niyə bəzi insanlar münasibətin bitməsini sağlam şəkildə qəbul edə bilmirlər?

Bununla bağlı Patrul.az-a psixoloq Elmir Əkbər öz bilik və təcrübəsini bölüşüb.

Onun sözlərinə görə, belə cinayətlərin təməlində vaxtında müalicə olunmayan, uşaqlıq dövründən başlayan və illər keçdikcə daha da dərinləşən aqressiya və psixoloji pozuntular dayanır:

“Cəmiyyətimizdə böyük psixoloji problemlər var. Onlardan biri də aqressiyadır. Aqressiya özünü hər yerdə büruzə verir. İstənilən münasibətlərdə ön plana çıxan meyarlardan biri aqressiv davranışdır. Hamıda bunu müşahidə edirik. Hələ indiki gənclərin, uşaqların, yeniyetmələrin gələcəkdə bu aqressiv davranışlarla necə olacağını təsəvvür etmək çətindir. Əgər müasir dövrdə orta məktəb şagirdi müəllimini güllələyirsə, bu nə qədər acı səslənsə də, kişinin arvadına bıçaq qaldırması onun yanında kifayət qədər anlaşılan bir məsələ kimi görünür. Biz kişilər “Bağdadda kor xəlifə” düşüncəsi ilə yaşayırıq. Bəzi kişilər özlərini yarımallah, Herakl kimi hiss edirlər. Belə hallar qətiyyən yolverilməzdir”.

Ekspert qadın cinayətlərinin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini məsləhət görür:

“Ümumiyyətlə, dünyanın heç bir ölkəsində belə proseslər öz axarına buraxılmır. Təəssüf ki, bizdə kişinin həyat yoldaşını və ya keçmiş həyat yoldaşını qətlə yetirməsinin qarşısının alınması ilə bağlı kifayət qədər tədbirlər görülmür. Ona görə də belə məsələlərlə məşğul olan müvafiq qurumlar və agentliklər yaradılmalıdır. Valideynlərə övladları ilə bağlı tədbirlərin görülməsi üçün çağırışlar etsək də, ortada real nəticə olmur.

Bu kimi cinayətlərin qarşısını almaq üçün iki üsul var. Birincisi hüquqi məsələlərdir ki, burada cəzalar düzgün tətbiq edilməlidir. Məsələn, bizdə müəllimi güllələyən şagird hadisəsində yenə də cəzalanan müəllimə oldu. Onun üzr istəməsi ilə bağlı xəbərlər yayıldı. Nəyə görə? Yəqin ki, müəllimə varlı ailənin gülləsinin qabağında yaxşı dayanmayıb… Yəni bu kimi cinayətlərin cəzasız qalması aqressiyanı daha da artırır.

Ona görə də cəmiyyətimizdə qadınlar xüsusi şəkildə qorunmalıdır. Əslində bu gün ölkəmizdə qadınla kişiyə tam bərabər yanaşmaq olmaz. Çünki hər iki cinsə yüzilliklər boyu bərabər imkanlar verilməyib ki, indi də tam bərabərlikdən danışaq. Hələ qadınlara bir çox imtiyazlar verilməlidir ki, yüz il sonra onlar kişilərlə bərabər hüquqlara nail ola bilsinlər. Düzdür, bu gün qadınlar təhsil alır, işləyirlər. Amma bu, bütün qadınların eyni imkanlara malik olması demək deyil. İllərdir deyirəm ki, qızlarımız üçün bakalavr imtahanı ləğv olunmalıdır. Tibb və hüquq sahələri istisna olmaqla, digər sahələrdə qızların ali təhsil alması üçün bakalavr imtahanı ləğv edilsin. Çünki hər ailə qız övladı üçün universitetə hazırlaşmağa və imtahan verməyə şərait yaratmır.

Ölkəmizdə müəyyən strukturlar yaradılmalıdır. Çünki dünyanın əksər ölkələrində insanlar boşanmazdan əvvəl psixoloqa və ya psixoterapevtə müraciət edirlər. Bizdə isə 5-10 il əvvəl bununla bağlı müəyyən inkişaf var idi. Lakin hazırda vəziyyət tamamilə bərbaddır. Çünki “instagram” və “facebook” üzərindən özlərini yalandan psixoloq kimi təqdim edən insanlar var. Onların nə təhsili, nə ailə dəyərləri, nə də etik normalar barədə təsəvvürləri var. Onların çıxışlarını izləyən insanlar isə artıq peşəkar psixoloqa müraciət etmək istəmirlər”.

Həmsöhbətimiz müasir dövrdə problem yaşayan ailələrin psixoloqa müraciətdən yayınmasının əsas səbəblərindən birinin də məhz saxta psixoloqların fəaliyyəti olduğunu bildirib:

“Azərbaycanda psixoloq Ülviyyə Murovazının aparıcılığı ilə yayımlanan “Sənin seçimin” adlı tibbi-psixoloji layihə var. Orada ailə problemi yaşayan bir şəxs studiyaya zəng edərək bildirib ki, qızı ailəsindəki problemləri həll etmək üçün “instagram”da tapdığı psixoloqa müraciət edib və həmin şəxs onların boşanmasına səbəb olub. Belə nümunələr çoxdur. “instagram” və “facebook”da heç bir peşəkarlığı olmadan fəaliyyət göstərən insanlar var. Buna görə də insanlar ailələrini qorumaq üçün psixoloqlardan uzaq durmağa başlayırlar. Onlar qanunvericilikdəki boşluqlardan istifadə edirlər. Həkimlər sertifikasiyadan keçdiyi kimi, psixoloqlar da sertifikasiyadan keçməlidirlər.

Bu tip insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Dünyanın hər yerində boşanmaq istəyən ailələr əvvəlcə konsultasiyaya müraciət edirlər. Bizdə isə insanlar bu saxta psixoloqları gördükdən sonra mütəxəssis məsləhətindən uzaq qaçırlar. Bütün bunlar da boşanmaların sayının artmasına səbəb olur. Əslində psixoloq insanların aqressiyasını müalicə edir ki, sonradan ağır fəsadlar baş verməsin. Lakin insanlar saxta psixoloqları gördükcə psixologiyaya olan inamlarını itirirlər. Aqressiyanın sonu isə çox ağır cinayətlərə gətirib çıxarır”.

media-elmir-ekber

E. Əkbər sonda insanlara aqressiyalarını idarə etməklə bağlı tövsiyələrini də bölüşüb:

“İnsanlar hər şeydən əvvəl öz gələcəklərini və övladlarını düşünməlidirlər. Təsəvvür edin ki, atası anasının qatili olan bir övladın gələcəyini necə proqnozlaşdırmaq olar? Anasını öldürdüyünə görə həbs olunan atanın övladına bu hadisə həyatının hər mərhələsində xatırladılacaq. İnsanlar atdıqları addımların nəticələrini əvvəlcədən düşünərək hərəkət etməlidirlər.

Orta və ali məktəblərdə cinayətə meyilli, şəxsiyyət pozuntusu olan uşaqlar müəyyən edilməli, onlarla bağlı ciddi dövlət proqramları həyata keçirilməlidir. Lakin bunların hamısı hələlik utopiya olaraq qalır. Bizdə psixologiya və psixoloqlarla bağlı fəaliyyət göstərən vahid struktur yoxdur. Heç kim onların fəaliyyətini tənzimləmir. Buna görə də bir çox insan “psixoloq” adı altında ailələri dağıdır, yanlış nümunələr yaradır və cəmiyyətə zərər verir”.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər