V “Cyber Summer School 2026” kiber yay düşərgəsi uğurla başa çatıb - VİDEO
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kiber Təhlükəsizlik Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi bağlanış mərasimi ilə başa çatıb.
Patrul.az xəbər verir ki, bağlanış mərasimində çıxış edən AKTA İdarə Heyətinin sədri Pənah Musayev və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov düşərgənin kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasına verdiyi töhfələrdən bəhs edərək, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasim çərçivəsində düşərgə iştirakçılarına və təşkilati prosesdə fəal iştirak edən könüllülərə sertifikatlar təqdim olunub. Eyni zamanda, düşərgənin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə tərəfdaş və sponsor qurumlara təşəkkürnamələr təqdim edilib.
Bağlanış mərasimində ənənəvi Capture The Flag (CTF) kibertəhlükəsizlik yarışının qalibləri də elan olunub. Yarışda ən yüksək nəticə göstərən komandalar mükafatlandırılıb. Birinci yerin qaliblərinə hədiyyələr “CrowdStrike” və “Techpro” şirkətləri, ikinci yerin qaliblərinə “B&B Security” şirkəti, üçüncü yerin qaliblərinə isə “Azercell Telekom” tərəfindən təqdim olunub.
Bununla yanaşı, AKTA-nın qızıl üzvü olan “Code” MMC tərəfindən düşərgə çərçivəsində keçirilən təlimlərdə yüksək nəticələri ilə fərqlənən 5 iştirakçıya və təşkilati prosesdə fəallığı ilə seçilən 2 könüllüyə ödənişsiz təlim kuponları təqdim edilib.
Mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.






