media-img-20260710-wa0094

Sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində yazışmaları, foto və sənədləri silən insanların sayı getdikcə artır. Bir çox istifadəçi hesab edir ki, “sil” düyməsinə basıldıqdan sonra həmin məlumatlar tamamilə yox olur və onları bir daha heç kim görə bilməz. Lakin rəqəmsal texnologiyaların inkişafı ilə birlikdə istintaq orqanlarının istifadə etdiyi xüsusi kriminalistika üsulları bu məsələ ilə bağlı müxtəlif suallar yaradır. Görəsən, silinmiş mesajlar və fayllar həqiqətən tamamilə yox olur, yoxsa müəyyən hallarda onların bərpası mümkündür?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, silinmiş rəqəmsal məlumatların bərpasının mümkün olub-olmaması hər bir iş üzrə cihazın vəziyyətindən və aparılan rəqəmsal ekspertizanın nəticələrindən asılıdır:

“Müasir dövrdə mobil telefonlar, kompüterlər və digər elektron qurğular insanların şəxsi və iş həyatının ayrılmaz hissəsinə çevrilib. Yazışmalar, şəkillər, videolar, sənədlər və digər məlumatlar çox vaxt elektron formada saxlanılır. Lakin istifadəçilər tez-tez belə düşünürlər ki, hər hansı mesajı və ya faylı sildikdə həmin məlumat artıq tamamilə məhv olur. Əslində isə “silinmə” həmişə məlumatın tam yox edilməsi demək deyil. Əksər hallarda telefon və ya kompüterdə məlumat silindikdə əməliyyat sistemi həmin məlumatın olduğu yaddaş sahəsini “boş” kimi işarələyir. Yəni faylın özü dərhal məhv edilmir, sadəcə həmin məlumatın üzərinə yeni məlumat yazılması üçün icazə verilir. Başqa sözlə, silinmiş məlumat müəyyən müddət ərzində yaddaş qurğusunda qala bilər və xüsusi texniki vasitələrdən istifadə etməklə onun müəyyən hissələrinin bərpası mümkün ola bilər.

– telefondan silinmiş foto və videolar;
– mesajlaşma proqramlarında silinmiş yazışmalar;
– elektron poçt məlumatları;
– silinmiş sənədlər;
– digər rəqəmsal izlər

bəzi hallarda ekspertiza yolu ilə araşdırıla bilər”.

Həmsöhbətimizin sözlərinə görə, bəzi hallarda silinmiş məlumatlar kompüter-texniki ekspertiza vasitəsilə bərpa oluna bilər:

“Cinayət işləri üzrə istintaq zamanı elektron məlumatların əldə edilməsi adətən xüsusi bilik və texniki vasitələr tələb edir. Bu məqsədlə kompüter-texniki ekspertiza aparıla bilər. Ekspertizanın nəticəsi olaraq silinmiş məlumatların qalıqları, yaradılma və dəyişdirilmə tarixləri, istifadəçi fəaliyyəti ilə bağlı texniki məlumatlar müəyyən edilə bilər. Mesajlaşma proqramlarında silinmiş yazışmaların bərpası istifadə olunan proqramdan və cihazın texniki vəziyyətindən asılıdır”.

media-img-20260513-wa0031-1

N.Əliyev qeyd edir ki,silinmiş məlumatların bərpası hər zaman mümkün olmur və bu proses həm texniki imkanlardan, həm də qanunvericilikdə nəzərdə tutulan prosessual tələblərə əməl edilməsindən asılıdır:

“Lakin bütün hallarda silinmiş yazışmaların tam şəkildə bərpasına zəmanət yoxdur. Xüsusilə məlumatın üzərinə yeni məlumatlar yazılıbsa və ya xüsusi silmə üsullarından istifadə olunubsa, bərpa imkanları əhəmiyyətli dərəcədə azalır. “Silinmiş” mesaj və fayllar çox vaxt dərhal və tam şəkildə yox olmur. Onların müəyyən hallarda xüsusi texniki vasitələrlə bərpası mümkündür. Lakin bərpa prosesi məlumatın növündən, cihazdan, istifadə olunan proqramlardan və silinmədən sonra baş verən əməliyyatlardan asılıdır. Elektron məlumatların əldə edilməsi şəxsin şəxsi həyatına müdaxilə ilə bağlı olduğuna görə qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməlidir”.

Vəkil bildirir ki, elektron məlumatların sübut kimi istifadə olunması üçün onların həm qanuni qaydada əldə edilməsi, həm də ekspertiza ilə təsdiqlənməsi vacibdir:

“Cinayət-prosessual qanunvericiliyə əsasən, elektron məlumatların götürülməsi, araşdırılması və ekspertizaya təqdim edilməsi zamanı məhkəmə qərarı tələb olunan hallar, istintaq hərəkətlərinin rəsmiləşdirilməsi, sübutların əldə edilməsinin qanuniliyi nəzərə alınmalıdır. İstintaq zamanı elektron məlumatların əldə edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda mühüm hüquqi prosedur məsələsidir. Buna görə də belə məlumatların sübut kimi istifadəsi zamanı həm texniki ekspertizanın nəticələri, həm də onların qanuni əldə olunması əsas götürülməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər