"Sumqayıt bağları" layihəsinin tikintisi sakinləri cana yığıb: "Göydən armatur yağır, daş tökülür" - VİDEO
Sumqayıt şəhərində aparılan çoxmərtəbəli yaşayış binalarının tikintisi ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
Patrul.az-ın məlumatına görə, söhbət şəhərin 15-ci məhəllə ərazisində, 1 saylı ASAN xidmət mərkəzinin arxası, Avtovağzalla üzbəüz yerləşən 46/9 saylı 9 mərtəbəli binanın qarşısında aparılan tikinti işlərindən gedir.
Həmin binada yaşayan sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, sözügedən ünvanda icra olunan “Sumqayıt bağları” yaşayış kompleksi layihəsi çərçivəsində üç ədəd 16 mərtəbəli binanın səs-küylü inşası vətəndaşların ictimai asayişini və rahatlığını tamamilə pozub.
İddiaya görə, gecə saatlarında da davam edən tikinti prosesində işçilər yüksək səslə iş görür, kran və ağırtonnajlı yük avtomobillərinin səs-küyü insanları yatmağa qoymur.
Hətta, tikinti sahəsində elementar təhlükəsizlik tədbirlərinin görülmədiyi də iddia edilir:
“Göydən armatur yağır, daş tökülür. Hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Bu isə birbaşa binada yaşayanların həyatına təhlükədir. Heç kim öz evində rahat və təhlükəsiz yaşaya bilmir”, – deyə vəziyyətdən narazı sakin bildirib.
Bununla yanaşı tikinti işləri zamanı 9 mərtəbəli binanın həyətinin zəbt edilməsi sakinləri parklanma problemi ilə də üz-üzə qoyub.
Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi şəkildə müraciət etdiklərini desələr də, tikinti şirkəti mövcud qanunauyğunsuzluqlara və şikayətlərə məhəl qoymadan fəaliyyətini eyni tempdə davam etdirir.
Gülbəniz Səfərova






