media-1776771235_08-30

Boşanma iki insanın yollarını ayırması ilə yekunlaşsa da, əksər hallarda bunun yaratdığı emosional gərginlik uzun müddət davam edir. Ayrılıqdan sonra qarşılıqlı ittihamlar, sosial şəbəkələrdə bir-birini hədəfə alan paylaşımlar, ailələrin və uşaqların münaqişəyə cəlb olunması cəmiyyətdə tez-tez rast gəlinən hallardandır. Halbuki mütəxəssislər hesab edirlər ki, sağlam ayrılıq təkcə hüquqi prosedurların başa çatması deyil, həm də münasibətin qarşılıqlı hörmət çərçivəsində sonlandırılması deməkdir. Bəs ailələr niyə mədəni şəkildə boşana bilmir?

Patrul.az mövzu ilə bağlı psixoloq Fidan Azərqızının fikirlərini öyrənib.

O bildirib ki, boşanma hüquqi proses olsa da, əslində daha çox psixoloji və emosional prosesdir:

“Təəssüf ki, bir çox cütlük münasibəti bitirsə də, münaqişəni bitirə bilmir. Ayrıldıqdan sonra tərəflər bəzən özlərini haqlı göstərmək, qarşı tərəfi günahlandırmaq və ətrafın dəstəyini qazanmaq üçün bir-biri haqqında xoşagəlməz fikirlər səsləndirirlər. Bu isə göstərir ki, boşanma baş versə də, emosional ayrılıq hələ tamamlanmayıb.
Mədəni boşanmaq dedikdə məqsəd hər şeyin problemsiz və ya ağrısız keçməsi deyil. Ayrılıq özü kifayət qədər ağır həyat hadisəsidir. Əsas məsələ insanların yaşadıqları ağrını qarşı tərəfi alçaltmaq, nüfuzuna zərər vurmaq və ya intiqam almaq yolu ilə deyil, daha sağlam şəkildə idarə edə bilmələridir”.

media-img-20260710-wa0047

Psixoloq bildirib ki, ailələrin mədəni şəkildə boşana bilməməsinin əsas səbəblərindən biri ayrılıq zamanı inciklik, qəzəb, xəyal qırıqlığı, rədd edilmə hissi və bəzən də ego zədələnməsinin ön plana çıxmasıdır:

“Emosiyalar düşüncəni üstələdikdə insanlar münasibəti sakit şəkildə sonlandırmaq əvəzinə haqlı çıxmağa çalışırlar. Halbuki hər münasibətin öz dinamikası var və bir çox hallarda əsas məsələ günahkar axtarmaq deyil, problemin necə yarandığını anlamaqdır. Bununla yanaşı, xəyanət, zorakılıq və ya istismar kimi hallarda məsuliyyətin eyni şəkildə qiymətləndirilməsi də düzgün deyil”.

Mədəni boşanmanın əslində qarşı tərəfi məğlub etmək deyil, münasibəti hörmət çərçivəsində sonlandıra bilmək bacarığı olduğunu vurğulayan F.Azərqızı əlavə edib:

“Xüsusilə ortada uşaq olduqda, valideynlər həyat yoldaşı olmaqdan çıxırlar, amma övladları üçün ömürboyu valideyn olaraq qalırlar. Uşaq üçün ən böyük təhlükə boşanmanın özü deyil, valideynlərin ayrıldıqdan sonra davam edən münaqişəsi, bir-birini gözdən salmağa çalışması və uşağı bu konfliktin içinə çəkməsidir.
Sağlam ayrılıq odur ki, insanlar keçmiş münasibəti uzunmüddətli müharibəyə çevirməsinlər. Çünki boşanmanın məqsədi qalib gəlmək deyil, hər iki tərəfin və xüsusilə uşaqların psixoloji rifahını mümkün qədər qorumaqdır. Emosional yetkinlik də məhz burada özünü göstərir”.

Ləman Sərraf


Bənzər xəbərlər