media-inshot_20260710_153322423

Süni intellekt təhsil sahəsində yeni imkanlar yaratmaqla yanaşı, akademik dürüstlük məsələsini də yenidən gündəmə gətirib. Dünyanın müxtəlif universitetlərində AI alətlərindən icazəsiz və ya etik qaydalara zidd istifadə edən tələbələrə xəbərdarlıq, imtahandan kənarlaşdırma, fənn üzrə uğursuz qiymət verilməsi, hətta intizam araşdırması kimi cəzalar tətbiq olunur. Bu isə “süni intellektdən istifadə ilə akademik saxtakarlıq arasında sərhəd harada başlayır?” sualını aktuallaşdırır.

Bəs gələcəkdə AI-dən etik olmayan istifadə diplomun ləğvinə və ya məzuniyyət hüququnun itirilməsinə səbəb ola bilərmi?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektdən istifadə yox, ondan etik və dürüst şəkildə istifadə olunması əsas məsələdir:

“Burada əsas məsələ süni intellektdən istifadə etmək deyil, ondan necə istifadə etməkdir. Çünki süni intellekt artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilir və onu tam qadağan etmək nə mümkün, nə də məqsədəuyğundur. Problem tələbənin öz biliyini və əməyini AI vasitəsilə saxtalaşdırması, müəlliflik hüququnu pozması və akademik dürüstlük prinsiplərini pozmasıdır. Əgər tələbə diplom işi, kurs işi və ya digər qiymətləndirilən tapşırıqları tam şəkildə süni intellektə hazırladır və bunu öz işi kimi təqdim edirsə, bu, adi plagiatdan daha ciddi akademik pozuntu hesab oluna bilər. Çünki burada söhbət yalnız mətnin köçürülməsindən deyil, bütövlükdə tələbənin real bilik və bacarıqlarının saxta şəkildə təqdim edilməsindən gedir. Belə halların artması universitetlərin verdiyi diplomların etibarlılığına da mənfi təsir göstərə bilər”.

media-img-20260710-wa0056

Ə.Həsənlinin fikrincə, AI-dən etik qaydaları pozaraq istifadə etmək gələcəkdə diplomun ləğvinə qədər ciddi nəticələr doğura bilər:

“Düşünürəm ki, yaxın illərdə bir çox ali təhsil müəssisələri süni intellektdən istifadəyə dair ayrıca akademik etik kodeks qəbul edəcəklər. Orada hansı hallarda AI-dən istifadə etməyə icazə verildiyi, hansı halların isə akademik pozuntu sayıldığı açıq şəkildə göstəriləcək. Əgər tələbə bu qaydaları bilərəkdən və təkrar şəkildə pozarsa, diplomun verilməsinin dayandırılması, hətta bəzi hallarda diplomun ləğvi kimi qərarlar da hüquqi və akademik baxımdan mümkün ola bilər”.

Təhsil eksperti vurğulayır ki, əsas məqsəd AI-ni qadağan etmək deyil, ondan etik və düzgün istifadə mədəniyyətini formalaşdırmaqdır:

“Məncə, əsas məqsəd cəza vermək deyil, düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır. Bu gün universitetlər tələbələrə “AI-dən istifadə etmə” demək əvəzinə, “AI-dən necə düzgün istifadə etməlisən” anlayışını öyrətməlidirlər. Çünki əmək bazarında da süni intellektdən istifadə bacarığı üstünlük sayılacaq. Vacib olan odur ki, texnologiya insanın düşünməsini əvəz etməsin, onun düşünmə imkanlarını gücləndirsin”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər