media-lion-attack_exofgg2cgz

Hindistanda şirin hücumuna məruz qalan çoban möcüzəvi şəkildə sağ qalıb.

Patrul.az Hindistan mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Qucarat ştatının Bhavnaqar bölgəsində yerləşən Qaraciya kəndində baş verib.

Məlumata görə, Kalubhai Boqhabhai Qamara adlı çoban inəklərinə yem vermək istəyərkən qəfil şirin hücumuna məruz qalıb.

Məlumata görə, şir çobanı yerə yıxsa da, onu parçalamaq əvəzinə təxminən 30 dəqiqə pəncəsində saxlayıb.

Görüntülərdə hadisə zamanı çobanın soyuqqanlılığını qoruduğu, hətta şiri sığallayaraq sakitləşdirməyə çalışması əks olunub. Hadisəni uzaqdan qorxu içində izləyən kənd sakinləri isə çobana birbaşa yaxınlaşa bilməsələr də, səs-küy salaraq və daş ataraq şirin diqqətini yayındırmağa çalışıblar.

Çobanın sakit davranışı və kəndlilərin reaksiyası nəticəsində dişi şir bir müddət sonra onu sağ buraxaraq meşəlik əraziyə doğru uzaqlaşıb.

Hadisə nəticəsində sol qolu sınan, həmçinin baş, boyun və bel nahiyələrindən pəncə xəsarətləri alan çoban dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.

Görüntülərdən məlum olur ki, hücum edən yırtıcı tək olmayıb. Tor çəpərin arxasında daha iki şir olub.

Hadisənin baş verdiyi Qaraciya kəndi Palitana şəhərindən 5 km məsafədə, Şetruncay dağının ətəyində yerləşir. Rəsmilərin sözlərinə görə, Şetrunji Vəhşi Təbiət Bölməsinin Palitana silsiləsinə daxil olan bu ərazi şir və bəbirlərin yaşadığı qoruq meşəsidir.

Qeyd edək ki, sosial şəbəkələrdə və regional mediada geniş müzakirə olunan hadisədən sonra Qucarat Meşə Departamenti əraziyə sakitləşdirici iynələrlə təchiz olunmuş xüsusi qruplar göndərərək şiri tapmaq və təhlükəsiz şəkildə təcrid etmək üçün əməliyyata başlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər