"Qəza və ya davanı sadəcə izləmək laqeydlik deyil, "müşahidəçi effekti'dir" - Elnur Rüstəmov
İctimai yerlərdə baş verən qəza və ya dava zamanı ətrafda onlarla insan olsa da, bəzən heç kim dərhal müdaxilə etmir, əksinə hadisəni izləməyə üstünlük verir. İnsanlar niyə belə vəziyyətlərdə kömək etmək əvəzinə sadəcə tamaşaçıya çevrilirlər? Bu davranışın arxasında hansı psixoloji amillər dayanır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, izdihamda insanlar çox vaxt başqasının kömək edəcəyini düşündükləri üçün müdaxilə etmirlər:
“İzdiham içində insanların hadisəyə müdaxilə etmədən sadəcə müşahidəçi kimi qalması psixologiyada geniş tədqiq olunan bir hadisədir və “ effekti” (bystander effect) adlanır. Bu vəziyyət insanların laqeyd olması anlamına gəlmir. Əksər hallarda bunun arxasında müəyyən psixoloji mexanizmlər dayanır.
İlk səbəb məsuliyyətin bölüşdürülməsidir. İnsan ətrafında çoxlu adam gördükdə düşünür ki, yəqin kimsə artıq kömək edəcək və ya aidiyyəti qurumlara məlumat verəcək. Nəticədə hər kəs eyni düşüncə ilə hərəkət etdiyindən, paradoksal olaraq heç kim müdaxilə etmir”.

E.Rüstəmov qeyd edir ki, insanlar bəzən vəziyyəti düzgün qiymətləndirə bilmədikləri və ya zərər görməkdən qorxduqları üçün müdaxilə etməkdən çəkinirlər:
“Digər mühüm amil vəziyyətin qeyri-müəyyən olmasıdır. İnsanlar bəzən gördükləri hadisənin həqiqətən təhlükəli olub-olmadığını dəqiq qiymətləndirə bilmirlər. Ətrafdakı digər insanların da sakit dayanmasını müşahidə etdikdə bunu vəziyyətin ciddi olmaması kimi qəbul edə bilirlər. Bu hal sosial psixologiyada “plüralist cəhalət” kimi izah olunur. Qorxu faktoru da mühüm rol oynayır. İnsanlar müdaxilə etdikləri halda özlərinin zərər görə biləcəyindən, dava iştirakçılarının aqressiyasına məruz qalacağından və ya sonradan hüquqi proseslərə cəlb olunacağından ehtiyat edirlər. Xüsusilə zorakılıq hallarında bu narahatlıq daha güclü olur”.
Onun sözlərinə görə, bəzi insanlar şok və ya sosial şəbəkələrin təsiri səbəbindən kömək etmək əvəzinə hadisəni sadəcə izləyir və ya çəkirlər:
“Bundan əlavə, müasir cəmiyyətdə insanların bir hissəsi hadisəyə kömək etməkdən daha çox onu mobil telefonla çəkərək paylaşmağa üstünlük verir. Sosial şəbəkələrin təsiri nəticəsində bəzi insanlar hadisəni sənədləşdirməyi yardım göstərməkdən daha vacib hesab edirlər. Halbuki belə hallarda ilk prioritet insan həyatının və təhlükəsizliyinin qorunması olmalıdır. Stress və şok reaksiyası da unudulmamalıdır. Qəfil baş verən ağır hadisə zamanı insanın beyni qısa müddət ərzində vəziyyəti emal etməyə çalışır. Bu zaman bəziləri qaçır, bəziləri müdaxilə edir, bəziləri isə donub qalır və heç bir hərəkət etmir. Bu, psixologiyada “döyüş, qaç və ya donma” reaksiyasının təzahürüdür”.
Psixoloq vurğulayır ki, cəmiyyətdə psixoloji maarifləndirmənin və ilk yardım biliklərinin artırılması insanların fövqəladə hallarda daha operativ və məsuliyyətli davranmasına kömək edə bilər:
“Belə halların qarşısının alınması üçün cəmiyyətdə psixoloji maarifləndirmə gücləndirilməlidir. İnsanlara təhlükəsiz şəkildə necə kömək etməyin yolları öyrədilməli, ilk yardım bacarıqları artırılmalı və fövqəladə hallarda aidiyyəti qurumlara operativ məlumat verməyin vacibliyi aşılanmalıdır. Bəzən bir nəfərin təşəbbüs göstərməsi digər insanların da hərəkətə keçməsinə səbəb olur. Ona görə də hər bir vətəndaş öz davranışı ilə müsbət nümunə yarada bilər”.
Cəmilə Cəfərzadə






