media-hebs

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.

 


Bənzər xəbərlər