"ABŞ və İsrail çalışır ki, Türkiyəni də İran kimi aldatsınlar" - ŞƏRH
Son günlər Türkiyə-İsrail münasibətlərində gərginlik daha da artıb. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının verilməsi niyyətinə etiraz edərək Ankaranı Osmanlı imperiyasını bərpa etmək niyyətində olmaqda, həmçinin NATO üzvləri olan Kipr və Yunanıstan üçün təhlükə yaratmaqda ittiham edib. Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Hakan Fidan isə İsraili “regional və beynəlxalq təhlükəsizliyə problem yaradan ölkə” adlandırıb və lazım gələrsə, Türkiyənin qarşıdurmadan çəkinməyəcəyini bildirib.
Maraqlıdır ki, Ankara ilə Vaşinqton arasında münasibətlərin istiləşməsi İsraili niyə bu qədər narahat edir? Mövcud gərginlik hərbi qarşıdurma riskini artırırmı, yoxsa tərəflər arasında sərt ritorika ilə məhdudlaşacaq?
Bununla bağlı Patrul.az-a politoloq Tofiq Abbasov fikirlərini bölüşüb. Onun sözlərinə görə, ABŞ-nin Türkiyəyə yaxınlaşması məqsədli xarakter daşıyır:
“Amerika ilə Türkiyə arasındakı isti münasibətlər o qədər də dərin tendensiya deyil. Yəni, bu, konyunktur xarakterli bir vəziyyətdir. Faktiki olaraq Donald Tramp, demək olar ki, Qlobal Cənub ölkələrində, bir çox müsəlman və ərəb dövlətlərində antiqəhrəmana çevrilib. Ona görə də Tramp Türkiyə vasitəsilə çalışdı ki, öz imicini üçüncü dünyada bərpa etsin.
Məsələ burada xoş sözlərdən ibarət deyil. Əsas odur ki, hərəkətlər həmin ifadələri təsdiqləsin. İlk dəfə Türkiyəyə qarşı sanksiyanı məhz Donald Tramp birinci prezidentliyi dövründə tətbiq etdi. İndi isə biz ona inansaq, belə çıxacaq ki, Türkiyə onun ən əziz “qardaş məmləkəti”dir. Bu, belə deyil.
İlk növbədə ABŞ-də yəhudi lobbisi parçalanıb. Onun ən sərt, sionist mövqedən çıxış edən qanadının Türkiyəyə qarşı münasibəti mənfidir. Təsadüfi deyil ki, hazırda İsraildə də Netanyahunun özü və onun müttəfiqləri ilk növbədə ABŞ-ni qınayırlar ki, Ankara onlar üçün İrandan da böyük təhlükədir.
Burada siyasi bir oyun gedir və çalışırlar ki, Türkiyənin fikrini yayındıraraq, İran kimi onu da aldatsınlar. Amma bu alınmadı və alınmayacaq da. Yəni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər təcrübəli siyasətçidir. Buna görə də Türkiyə öz ayıq-sayıqlığını itirməyəcək”.

Ekspert Trampın Türkiyəyə ünvanladığı təriflərə görə rəsmi Ankaranın aldanmamalı olduğunu bildirib:
“NATO və ABŞ çalışacaqlar ki, bütün yükləri Türkiyənin üzərinə qoysunlar. Türkiyənin iştirakı, onun hərbi və texnoloji potensialı hesabına öz problemlərini həll etsinlər. Amma nəyin xatirinə, kimə görə? Türkiyəyə görəmi? Xeyr, əksinə, onlar çalışacaqlar ki, rəsmi Ankaradan istifadə etsinlər, onun ayıq-sayıqlığını zəiflətsinlər ki, öz işlərini görə bilsinlər.
Burada bir məsələ var: Tramp NATO sammitində bildirdi ki, bura Rəcəb Tayyib Ərdoğana görə gəlib, yoxsa iştirak etməyəcəkdi. Bilirsiniz, onun bu sözü blefdir. Çünki NATO-nu Tramp deyil, ABŞ yaradıb. Amerikanın da orada böyük maraqları var. Orada müxtəlif qanadlar, siyasi qüvvələr, mötədillər, radikallar və barışmazlar var. Amma bu, Amerika – dünyanın bir nömrəli imperiyasıdır. Yəni, bu gün Tramp var, sabah olmaya bilər. ABŞ isə NATO-nun çökməsi ilə razılaşacaqmı? Əlbəttə ki, yox. Bu təşkilat Vaşinqtona lazımdır. İndi Atlantik okeanı Amerika qitəsi ilə Avropa qitəsini ayırır. Amma vaxtilə Atlantik okeanı onları birləşdirirdi və bundan sonra da birləşdirəcək. Ona görə də hesab edirəm ki, bu proseslərdə xoş sözlərə, ritorikaya və vədlərə inanmaq düzgün deyil”.
Həmsöhbətimizin fikrincə, gələcəkdə Türkiyə ilə İsrail arasında qarşıdurma daha da şiddətlənə bilər:
“Türkiyə ilə İsrail arasında qarşıdurma riski artacaq. Çünki ABŞ Qərbin lideri olaraq Rusiyanın əzəli düşmənidir. Onlar heç vaxt barışmayacaq, harmonik əlaqələr qurmayacaqlar. Ən yaxşı halda tərəflər arasında əvvəlcə rəqabət, sonra isə nifrət və qarşıdurma olacaq.
Beynəlxalq media da tərəflər arasında qarşıdurmanın uzun müddət davam edəcəyi barədə xəbərlər verir. Avropa istəyir Amerikadan Rusiyaya qarşı istifadə etsin, Vaşinqton isə Avropadan Moskvaya qarşı istifadə etmək istəyir. Hesab edirəm ki, gec-tez qüvvələr nisbəti dəyişəcək. Çünki dünya geosiyasətində çoxşaxəli dəyişikliklər baş verir. Burada Qlobal Cənub faktiki olaraq ümumi vəziyyəti öz xeyrinə formalaşdıra biləcək. Amerika və onun əlaltısı İsrail də burada heç nə edə bilməyəcək. Çünki Təl-Əviv hökumətinin özünün də çox böyük problemləri var. Ümumiyyətlə, onun gələcəyi ilə bağlı çox ciddi şübhələr mövcuddur.
Avropa İttifaqı da bu proseslərdə çalışacaq ki, tərəfdaşlıq prinsiplərinə söykənərək öz vəziyyətini yaxşılaşdırsın və iqtisadi baxımdan mövqeyini gücləndirsin. Bunun hansı zaman çərçivəsində baş verəcəyini demək çətindir. Burada bir şey aydındır ki, əzəli rəqiblər heç vaxt konsensusa gəlməyəcəklər və buna heç bir ehtiyac da yoxdur. Çünki onların qarşıdurmasından özləri silah-sursat istehsal edib qazanırlar. Təbliğatdan da sui-istifadə edərək öz problemlərinin həllinə nail olurlar. Fikrimcə, bu prosesdə də sadaladığım ənənə öz mövcudluğunu qoruyacaq”.
Gülbəniz Səfərova






