İstirahətə getmək bu il daha baha başa gələcək - Səbəb açıqlandı
Yay mövsümünün başlaması ilə ölkənin turizm bölgələrində otel və restoran xidmətlərinin qiymətlərində artım müşahidə olunur. Bəzi istirahət məkanlarında qiymətlər qısa müddətdə əhəmiyyətli dərəcədə yüksəlir ki, bu da turistlər və yerli sakinlər arasında müxtəlif suallar yaradır.
Yay mövsümündə istirahət bölgələrində otel və restoran qiymətlərinin kəskin artması iqtisadi baxımdan nə ilə izah olunur?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,yay mövsümündə turist sayının artması, təklifin isə məhdud qalması otel və restoran qiymətlərinin yüksəlməsinə səbəb olur:
“Yay mövsümündə istirahət bölgələrində otel və restoran qiymətlərinin artması əsasən mövsümi tələb-təklif amili ilə izah olunur. Yay aylarında turistlərin sayı kəskin artır, lakin xidmət göstərən obyektlərin sayı və tutumu qısa müddətdə dəyişmir. Tələb artdığı halda təklif məhdud qaldığı üçün qiymətlər yüksəlir”.

İqtisadçı qeyd edir ki,yay mövsümündə artan tələbat qiymətlərin yüksəlməsinin əsas səbəbidir:
“Bununla yanaşı, mövsümi işçi qüvvəsi, ərzaq və logistika xərclərinin artması da qiymətlərə təsir göstərir. Rəqabətin zəif olduğu və alternativlərin az olduğu turizm bölgələrində sahibkarlar yüksək tələbdən istifadə edərək qiymətləri daha çox artıra bilirlər. Bu səbəbdən qiymət artımı həm bazar qanunları, həm də xidmət xərclərinin yüksəlməsi ilə əlaqələndirilir”.
Cəmilə Cəfərzadə






