"Şuşadan dünyaya verilən əsas mesaj həqiqət və sülhdür" - Elnarə Akimova
“IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması Azərbaycanın siyasi kursunun daha bir simgəsidir. Müasir dövrdə müharibələr təkcə cəbhə xəttində deyil, informasiya məkanında da aparılır. Dezinformasiya, saxta xəbərlər və məqsədli manipulyasiyalar xalqlar arasında etimadı sarsıdır, münaqişələri dərinləşdirir. Belə bir şəraitdə medianın üzərinə düşən əsas missiya həqiqəti qorumaq, faktlara söykənən informasiya təqdim etmək və sülhə xidmət edən dialoq mühitini formalaşdırmaqdır”.
Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışarkən deyib.
Deputat bildirib ki, Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın sülh, həqiqət və beynəlxalq əməkdaşlıq mesajının dünyaya çatdırıldığı mühüm platformadır:
“Şuşada keçirilən bu forum həm də rəmzi məna daşıyır. Vaxtilə işğalın, dağıntının və informasiya təhriflərinin simvoluna çevrilmiş şəhər bu gün beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi çıxış edir. Bu, Azərbaycanın yalnız ərazilərini deyil, həqiqəti də bərpa etmək istiqamətində apardığı ardıcıl siyasətin göstəricisidir. Şuşadan dünyaya verilən mesaj aydındır: davamlı sülh yalnız qarşılıqlı etimad, obyektiv informasiya və açıq dialoq üzərində qurula bilər.
Medianın gücü təkcə hadisələri işıqlandırmaqla məhdudlaşmır. O, cəmiyyətlərin düşüncəsini formalaşdırır, nifrət dilini zəiflədə və ya əksinə, onu alovlandıra bilər. Buna görə də peşəkar jurnalistika bu gün hər zamankından daha böyük məsuliyyət daşıyır. Həqiqətə sədaqət, mənbələrin dəqiqləşdirilməsi, etik prinsiplərə riayət və insan taleyinə həssas yanaşma sülh jurnalistikasının əsas sütunlarıdır”.

E. Akimova qeyd edir ki, forum müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri və qərarvericiləri bir araya gətirərək həqiqətə əsaslanan dialoqu və qarşılıqlı etimadı gücləndirir:
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıyıq. Sülh gündəliyinə sadiqik və hesab edirik ki, regionun gələcəyi əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı etimad üzərində qurulmalıdır. Bu yanaşma göstərir ki, siyasi iradə ilə yanaşı, medianın da bu prosesdə məsuliyyətli tərəfdaş kimi çıxış etməsi vacibdir.Bu baxımdan IV Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin fikir mübadiləsi apardığı beynəlxalq platforma deyil, həm də həqiqətin müdafiəsinə, etimadın yenidən qurulmasına və sülh mədəniyyətinin təşviqinə xidmət edən mühüm qlobal təşəbbüsdür. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və qərarvericilərin Şuşada bir araya gəlməsi göstərir ki, həqiqət sərhəd tanımır və sülhə aparan yol məhz doğru informasiyadan, peşəkar jurnalistikadan və qarşılıqlı hörmətdən keçir. Bu gün bəşəriyyətin ən böyük ehtiyacı daha çox informasiya deyil, daha çox həqiqətdir. Həqiqətin olduğu yerdə etimad yaranır, etimadın olduğu yerdə isə sülhün təməli möhkəmlənir. Məhz buna görə Şuşadan yüksələn bu çağırış təkcə region üçün deyil, bütün dünya mediası üçün mühüm mesajdır”.
Cəmilə Cəfərzadə






