Kredit borcunuzu azaltmaq istəyirsiniz? - Bu məqamlara diqqət edin!
Son illərdə kredit faizləri və banklar arasındakı rəqabət fonunda refinanslaşdırma imkanları daha da genişlənib. Bir çox vətəndaş mövcud kreditini daha aşağı faizlə yenisi ilə əvəz etməklə aylıq ödənişlərini azaltmağa çalışır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hər aşağı aylıq ödəniş sərfəli kredit demək deyil. Bəzən aylıq yük azalsa da, kreditin ümumi dəyəri əhəmiyyətli dərəcədə arta bilər.
Bəs, krediti başqa kreditlə bağlamaq hansı hallarda maliyyə baxımından sərfəli hesab olunur?
Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.
Elnur Quliyev bildirib ki, krediti başqa kredit hesabına bağlamaq, yəni refinanslaşdırma yalnız yeni kreditin şərtləri mövcud öhdəlikdən daha əlverişli olduqda maliyyə baxımından sərfəli hesab edilə bilər:
“Bu qərar emosional deyil, tam iqtisadi hesablamalar əsasında verilməlidir. Son dövrlərdə refinanslaşdırma kreditlərinə marağın artmasının əsas səbəblərindən biri də bank sektorunda müşahidə olunan izafi likvidlik və artan rəqabətdir. Hazırda bir çox bankda kifayət qədər sərbəst maliyyə resursu formalaşıb. Nəticədə banklar yeni müştəri cəlb etmək və kredit portfellərini böyütmək üçün digər banklarda yüksək faizlə kredit ödənişi edən müştərilərə daha aşağı faizlə refinanslaşdırma təklif edirlər. Başqa sözlə, banklar artıq təkcə yeni kredit verməyə deyil, həm də rəqib bankların kredit portfellərindən pay almağa çalışırlar. Bu da bazarda refinanslaşdırma kampaniyalarının sayının artmasına səbəb olur.
Əgər yeni kreditin faiz dərəcəsi daha aşağıdırsa, aylıq ödəniş məbləği azalırsa və ümumi kredit xərci artmırsa, refinanslaşdırma borcalanın maliyyə yükünü əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Xüsusilə bazar faizlərinin aşağı düşdüyü dövrlərdə bu alət effektiv maliyyə idarəetmə vasitəsinə çevrilir.
Məsələn, vətəndaşın illik 18 faizlə götürdüyü kredit üzrə aylıq ödənişi 650 manatdır. Əgər həmin kredit 12 faizlə refinanslaşdırılırsa, aylıq ödəniş təxminən 560–580 manata qədər enə bilər. Bu isə hər ay 70–90 manat qənaət deməkdir. Lakin burada vacib bir məqam var: əgər yeni kreditin müddəti uzadılırsa, aylıq ödəniş azalsa belə, kreditin sonuna qədər ödənilən ümumi faiz məbləği arta bilər. Yəni aylıq rahatlıq bəzən uzunmüddətli əlavə xərc hesabına əldə edilir”.

İqtisadçı digər vacib məsələnin isə əlavə xərclər olduğunu qeyd edib:
“Yeni kredit üzrə komissiya, sığorta haqqı, notariat və ya digər xidmət haqları mövcuddursa, onların məbləği də hesablamaya daxil edilməlidir. Bəzən aşağı faiz təklif edən kredit məhz bu əlavə xərclərə görə gözlənildiyi qədər sərfəli olmur.
Refinanslaşdırma xüsusilə bir neçə fərqli krediti olan şəxslər üçün də effektiv həll yolu ola bilər. Məsələn, istehlak krediti, kredit kartı və taksit borclarının bir kredit altında birləşdirilməsi həm aylıq ödəniş tarixlərini sadələşdirir, həm də bəzi hallarda ümumi aylıq maliyyə yükünü azaldır.
Ən çox rast gəlinən yanlış düşüncə isə budur ki, insanlar aylıq ödəniş azalıbsa, yeni kreditin daha sərfəli olduğunu düşünürlər. Halbuki əsas göstərici aylıq ödəniş deyil, kredit bitənədək banka ödəniləcək ümumi məbləğdir. Elə hallar olur ki, aylıq ödəniş 100 manat azalır, amma kreditin müddəti uzandığı üçün borcalan yekunda banka minlərlə manat artıq vəsait ödəmiş olur.
Hazırda bazarda banklar arasında rəqabətin güclənməsi refinanslaşdırma imkanlarını genişləndirsə də, bu, hər təklifin avtomatik olaraq sərfəli olduğu anlamına gəlmir. Borcalan qərar verməzdən əvvəl kreditin effektiv faiz dərəcəsini, ümumi ödəniş məbləğini, kredit müddətini və bütün əlavə xərcləri müqayisə etməlidir. Düzgün hesablanmış refinanslaşdırma maliyyə yükünü azalda bilər, yanlış hesablanmış refinanslaşdırma isə borcu daha da bahalaşdıra bilər”.
Ləman Sərraf






