Cərimələnən sürücü özünü və avtomobilini yandırmaq istədi
Türkiyədə yol polisi tərəfindən cərimələnən sürücü həm özünü, həm də avtomobilini yandırmağa cəhd edib.
Patrulaz.az “HeberGlobal”a istinadla xəbər verir ki, hadisə Qaziantep şəhərində günorta saatlarında baş verib.
Belə ki, mikroavtobus sürücüsü qapısı açıq halda hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb və cərimə olunub.
Bundan sonra cərimədən qəzəblənən sürücü avtomobilinin və özünün üzərinə benzin tökərək yandırmaq istəyib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri cəlb olunub. Uzun müddət sürücünü sakitləşdirmək mümkün olmayanda, qrup əməkdaşları diqqətin yayındığı bir anı istifadə edərək sürücünü dayandırıblar.
Hadisə ilə bağlı şəxs saxlanılıb, müayinə edilib və istintaq başladılıb.






