Çeynəmə səsindən narahat olursunuz? - SƏBƏBİ TAPILDI
Çeynəmə səsindən, qələm çıqqıltısından və ya klaviatura səslərindən hədsiz dərəcədə narahat olursunuzsa, bu, sadəcə kapriz deyil. Elm dünyası bu xüsusiyyətin arxasında kifayət qədər maraqlı bir reallığın, xüsusən də yüksək intellektin dayandığını iddia edir.
Gündəlik həyatda bir çox insanı narahat etməyən bu kiçik səslərə qarşı həssaslıq tibbdə mizofoniya (səs nifrəti) adlanır və son araşdırmalar bu sindromla yaradıcı düşüncə və yüksək İQ arasında birbaşa əlaqə olduğunu üzə çıxarıb.
Patrul.az-ın araşdırmalarına görə və psixoloji tədqiqatlar səs həssaslığının yüksək intellekt və yaradıcılıq potensialı ilə necə bağlı olduğunu elmi faktlarla sübut edir:
Beynin süzgəc sistemi: “Həssas sensor qapısı”
Şimal-Qərb Universitetinin (Northwestern University) alimlərinin apardığı araşdırmalar göstərir ki, yüksək yaradıcılıq qabiliyyətinə və intellektə malik insanların beyni ətrafdakı lazımsız stimulları (səsləri) süzgəcdən keçirməkdə çətinlik çəkir. Elmdə buna “həssas sensor qapısı” (leaky sensory gating) deyilir.
Sıravi insanlarda: Beyin çeynəmə, saat əqrəbinin hərəkəti və ya nəfəs alma səslərini “əhəmiyyətsiz” hesab edib fon rejiminə keçirir və insan bunu eşitmir.
Yüksək İQ-lü insanlarda: Sensor qapısı açıq qalır. Beyin ətrafdakı bütün informasiyaları və səsləri eyni anda daxilə buraxır və emal etməyə çalışır. Bu isə insanda güclü konsentrasiya ilə bərabər, həmin səslərə qarşı qıcıqlanma yaradır.
Yaradıcı dahi olmağın bədəli
Tarixdə dahi şəxsiyyətlərin bir çoxu məhz bu problemdən əziyyət çəkib. Məsələn, məşhur fransız yazıçısı Marsel Prust kənar səslərin beynini yayındırmaması üçün iş otağının divarlarını mantarla örtdürmüşdü. Çarlz Dikkenz və dahi fizik Albert Eynşteyn də işləyərkən tam sakitlik tələb edən və kiçik səslərə kəskin reaksiya verən daxilər sırasındadır. Elm adamları hesab edirlər ki, kənar stimulları bloklaya bilməmək beynin eyni anda bir neçə fərqli məlumatı birləşdirməsinə və unikal ideasalara (yaradıcılığa) gətirib çıxarmasına səbəb olur.
Mizofoniya və beynin hiper-aktivliyi
Beynin skan edilməsi (fMRT) zamanı məlum olub ki, çeynəmə səsi eşidən mizofoniyalı şəxslərin beyinlərinin ön insular qabığı (anterior insular cortex) həddindən artıq aktivləşir. Bu hissə diqqətin idarə olunması və emosiyaların emalına cavabdehdir. Yüksək intellektli insanlarda bu nahiyə ətraf mühitdəki hər bir detala qarşı hiper-həssas işləyir. Beyin səs siqnalını “təhlükə” və ya “həyəcan” kimi qəbul etdiyi üçün bədəndə qaçmaq və ya mübarizə aparmaq instinkti (stress hormonu) oyanır.
Əgər kiminsə çörək çeynəməsi və ya qab-qacaq cingiltisi sizi özünüzdən çıxarırsa, bu, psixoloji zəiflik deyil. Əksinə, beyninizin ətrafdakı dünyanı sıravi insanlardan daha dərindən, daha detallı qəbul etməsinin və yüksək intellektual potensialınızın göstəricisidir.
Cəmilə Cəfərzadə






